"Bəzi adamlar qələbəmizə kölgə salmaq istəyir. Bunun üçün müəyyən məsələlərdən istifadə edirlər. Bunlardan biri də qazilərin əlillik dərəcəsinin təyinatı ilə bağlıdır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
"Az sayda insanlardır ki, tələb edirlər onlara əlillik dərəcəsi verilsin. Biri gəlib şüşə sındırır, başqa hərəkətlər edir və s. Olmazmı ki, bunun üçün komissiya çağırılsın, ictimaiyyət, mətbuat nümayəndələri dəvət olunsun və yoxlanılıb konkret deyilsin, əlillik düşür ya yox. Məsələ birdəfəlik həll olunsun. İkinci dəfə o insan da ortaya çıxmasın. Döyüşənlər gözəl bilir. Döyüşdə insan elə xəstəlik tapır ki, onu heç tibb də müəyyən edə bilmir. Elə psixoloji xəstəliklər, travmalar var ki, onu müəyyənləşdirmək olmur. 18 yaşı olan adamın yanında insan öldürürlər, baş kəsirlər və yaxud minaya düşüb partlayır. Ola bilər hər yeri salamatdır, amma travma almış şəxsdir. Buna əlilliyin verilməsi nə böyük problemdir? Verilsin, o da gedib təqaüdünü alsın", - deyə deputat bildirib.
S.Novruzov qeyd edib ki, pensiya təyinatı ilə bağlı problemlər də var: "Onları bu xəstəxanadan o birinə, o birindən digərinə atırlar. O insanlara fərdi qaydada diqqət göstərmək lazımdır ki, şikayətləri olmasın".
MM üzvü vurğulayıb ki, 300 min nəfər ünvanlı sosial yardım alır: "Eləsi var illərdir ünvanlı sosial yardım alır. Ünvanlı sosial yardımların təyinatında da müəyyən qüsurlar var. Misal olaraq, kiminsə adına köhnə sovet maşını, yaxud yarım hektar torpağı varsa, deyirlər sənə yardım düşmür. Hansı ki, adında olan torpaq sahəsindən heç bir məhsul əldə etmək olmur. Yaxud da taxıl əkib maksimum 200-300 dollarlıq, 500 manatlıq taxıl götürə bilər. Bunun da nə qədər xərci var. Elələri var ki, 10 illərdir sosial yardım alır. Bu da düzgün məsələ deyil. Belə misal var ki, “ac adama balıq yox, balıq tutmağı öyrədirlər”. Sosial yardım alanlara peşə öyrətmək lazımdır ki, arxayınlaşmasınlar. Hər hansı bir işin qulpundan yapışsınlar. Əkin-biçinlə məşğul olsunlar”.
Millət vəkili dəfn pulunun miqdarının artırılmalı olduğunu deyib: "Verilən dəfn puluna qəbiristanlıqda 10 santimetr yer almaq mümkün deyil. Rayonlar başqa, Bakı şəhərində qəbiristanlıq məsələsi çox ciddi problemdir. Yerin alınması, aparılıb dəfn olunması üçün heç onun 10-da biri həll etmir. Ona görə də dəfn pulu artırılmalı və tələb olunan sənədlərin sayı azaldılmalıdır. Dəfn üçün nə qədər arayış tələb edirlər".
Anar Kəlbiyev