"Torpaqlarımızın azad edilməsi nəticəsində ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat-logistika dəhlizləri üzrə geniş imkanlar yaranıb".
"Unikal" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.
DGK sədri bildirib ki, İpək Yolunun bərpası hesab edilən Orta Dəhlizin qlobal perspektivlərinin önə çəkilməsi, bu zaman iqtisadi səmərəlilik və daşımaların optimallaşdırılması kimi vacib amillərin nəzərə alınması hazırda qarşımızda duran ən əhəmiyyətli məsələlərdəndir.
Ş.Bağırov qeyd edib ki, ölkənin gömrük sərhədlərindən keçən malların və nəqliyyat vasitələrinin dövriyyəsi üzrə müşahidə olunan artıma cavab olaraq mövcud dövlət sərhədindən buraxılış məntəqələrinin yenidən qurulması və müasir tələblərə cavab verən infrastrukturun yaradılması məqsədilə müvafiq işləri aparılır.
DGK sədri onu da vurğulayıb ki, hazırda Astaraçay çayı üzərində yeni inşa edilmiş körpünün qarşısında avtomobil yolu üzərində müvəqqəti modul tipli dövlət sərhəd-buraxılış məntəqəsinin tikinti quraşdırma işləri sürətlə davam etdirilir və qısa müddət ərzində işlərin tamamlanması planlaşdırılır: “Eyni zamanda Azərbaycan ilə İran arasında dövlət sərhədində Araz çayı üzərində Zəngilan rayonunun Ağbənd qəsəbəsində yeni avtomobil körpüsünün və multifunksional dövlət sərhədindən buraxılış məntəqəsinin tikintisi ilə əlaqədar layihələndirmə işləri aparılır. Hazırda Laçın rayonu ərazisində dövlət sərhədindən buraxılış məntəqəsində sərnişin keçidinin tikintisinə başlanılıb”.