Oyuna çox yaxşı başladıq. Ard-arda qollar vurduq. İkinci hissədə özümüzü nisbətən çətinə saldıq. Bütün oyunçularımız meydanda ürəklərini qoydular.
"Unikal" xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi “AVRO-2024”ün seçmə mərhələsində evdə İsveç yığmasına 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, Azərbaycan millisi yaxşı oyunçulardan ibarətdir: "Yığmamızın bir hissəsi xaricdə legioner həyatı yaşayır və özlərini orada inkişaf etdirirlər. Yaxşı oyunçu olmaq üçün təkcə fiziki güc yetərli deyil. Beyində tam məqsəd qoymaq və onun ardınca getmək lazımdır. Hamı görür ki, gün keçdikcə daha yaxşı oyun göstəririk. 10 nəfər meydanda son ana kimi mübarizə apardı. Emin Mahmudov möhtəşəm qola imza atdı. İnanıram ki, belə qolların davamı gələcək. Futbolçularımız alqışa layiqdirlər. Çox işləyirik, məşq edirik. Bu nəticəyə layiq idik".
İtaliyalı çalışdırıcı komandanı Belçika ilə çətin oyunun gözlədiyini vurğulayıb: “Bugünkü matçdan fərqli olaraq, Belçika və Avstriya ilə oyunda qol epizodlarından istifadə edə bilməmişdik. Amma inkişafımız göz qabağındadır. Çox iddialı bir qrupdayıq, ona görə də əlimizdən gələni edirik ki, görüşlərdən müsbət nəticə ilə ayrılaq".
Qeyd edək ki, yığmamız növbəti oyununu noyabrın 19-da “Kral Boduin” stadionunda Belçika kollektivi ilə keçirəcək. Matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.