Misir Mərdanovla digər iri
məmurlar arasındakı güc fərqi
7 il əvvəl açılması gözlənilən telekanal ideyasının gizli tarixçəsi "Unikal"da!
Bu yaxınlarda ARDNŞ-in ATV-İnternationqal telekanalını satın alması geniş müzakirələrə səbəb oldu. Dövlət Neft Şirkətinin yeni adı CBC olan telekanala sahiblənməsi hər nə qədər müstəqil media və ekspertlər tərəfindən tənqid atəşinə tutulsa da, eyni zamanda bu qurumun rəhbərliyinin iqtidar içində siyasi təsir imkanlarının genişlənməsi kimi dəyərləndirilir.
Amma bizim mövzumuz başqadır. Belə ki, ayrıca televiziyaya illər əvvəl təhsil naziri Misir Mərdanov da sahib olmalı imiş. Amma nədənsə həmin ideya sonradan gerçəkləşməyib. Ya da kimlərsə bunun gerçəkləşməsinə mane olub.
"Unikal"a məlumat verən mənbənin sözlərinə görə, 2005-ci ilin sonlarında Azərbaycan-Türkiyə iş Adamları Birliyinin (ATİB) sədri Əhməd Ərəntok 2006-cı ildə Azərbaycanda Təhsil Televiziyası yaratmaq istədiklərini bildirib. Həmin vaxt ATİB-dən bildirirlər ki, hazırda onlar bu layihənin hüquqi aspektləri üzərində düşünür və layihənin maliyyələşdirilməsi üçün Təhsilin İnkişafı Fondunu təsis etməyi planlaşdırırlar. ATİB Təhsil Televiziyası ilə bağlı ideyanı bu fond vasitəsilə reallaşdırmaq niyyətindədirlər. Qeyd olunur ki, Təhsilin İnkişafı Fondunun nizamnaməsi ilə bağlı işləri yekunlaşdırandan sonra Milli Televiziya və Radio Yayım Şurasına müraciət edəcəklər.
Layihədə əvvəl-əvvəl gündə saat yarımlıq veriliş hazırlayaraq ölkə kanallarından birində yayımlamaq nəzərdə tutulurmuş. Bundan sonra işlər yaxşı gedərdisə Təhsil Televiziyası müstəqil bir kanala çevrilməsi planlaşdırılırmış. Bu iş çox əmək və maliyyə vəsaiti tələb edən iş olduğundan ilkin mərhələdə mövcud televiziyaların imkanlarından istifadə etmək lazım gələcəkdi. Amma hər bir halda isə Təhsil Televiziyasının müstəqil telekanala çevriləcəyi əminliklə vurğulanırdı.
O vaxt bu ideyaya ilk dəstək Təhsil Nazirliyindən gəlir: "Həmin vaxt nazirliyin yüksək vəzifəli rəsmilərindən biri mətbuata açıqlamasında qeyd edir ki, onlar artıq Təhsil Televiziyasının yaradılması ideyası ilə tanışdırlar, belə bir kanalın yaradılması ideyasını yüksək qiymətləndirir və dəstəkləyirlər. Təhsil Nazirliyinin bu layihənin həyata keçirilməsinə yardım göstərməyə hazır olduğunu açıq şəkildə dilə gətirən nazirlik sözçüsünün bu açıqlamasından bir müddət sonra məlum ideya ümumiyyətlə gündəmdən çıxdı".
Məlumatlı mənbəmiz bunu kifayət qədər maraqlı nüans hesab edir: "Çünki həmin ideya ilk ortaya çıxdığı vaxtlarda Milli Televiziya və Radio Şurasının (MTRŞ) bu təşəbbüsə sıcaq baxdığı anlaşılırdı. Hətta o zaman Şura sədrinin köməkçisi də mətbuata açıqlamasında demişdi ki, Təhsil Televiziyasının təsisçiləri ilk olaraq MTRŞ-yə müraciət etməlidir və yalnız bundan sonra onlar mövzuya dair nəsə konkret bir söz söyləyə bilərlər. Amma sonradan məsələ ümumiyyətlə unuduldu. Hesab etmək olar ki, bu, Təhsil Televiziyası layihəsinə Misir Mərdanovun nazirliyinin sıcaq baxması və həmin təşəbbüsün içində olmağa hazır olduqlarını bəyan etməsi ilə birbaşa əlaqədar idi. Görünür, bu telekanalın təhsil nazirinin əlində ciddi "media silahı"na çevrilə biləcəyi hökumət içindəki anti-Mərdanovçuları narahat etdi və onlar həmin ideyanı, obrazlı desək, "beşikdəcə boğdular"".
İndi ARDNŞ prezidentinin telekanal sahibi olmasının təhsil nazirinə yaxın keçmişdəki ideyanı bir daha xatırladacağını deyən mənbəmiz maraqlı bir məqama da toxundu: "Əgər indi başqa bir məmur asanlıqla hansısa telekanalı alır, amma nə vaxtsa Misir Mərdanovun dəstək verdiyi televiziya ideyası isə önlənirsə, bu, iqtidar daxilində çeşidli məmurlar arasında güc, nüfuz nisbətinin fərqli olduğunu göstərir. Əgər təhsil naziri də digərləri kimi hökumət daxilində ciddi dayaqlara sahib olsaydı, onda Təhsil Televiziyasının açılması ideyası da asanlıqla gerçəkləşərdi".
Seymur Quliyev
Digər Xəbərlər
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48