Çingiz Məmmədovun villaları ortaya çıxdı
20:21 18-04-2013
İQTİSADİYYAT
Çingiz Məmmədovun villaları ortaya çıxdı
İdarə rəisinin ölkənin müxtəlif yerlərində 12 bahalı mülkü var
Azərbaycanda bəzi məmurların qısa vaxtda çox zənginləşməsi sirr deyil. Nəinki müəyyən oliqarxlar, hətta yetərincə aşağı ranqlı vəzifə sahibləri də oturduqları postda çox gecikmədən böyük sərvət sahibi olurlar.
Onlardan bunun səbəbini soruşmaq istədikdə alacağımız cavab məlumdur. Ya var-dövlətlərinin çoxluğunu təkzib edəcəklər, ya da bunu özlərinin yox, yaxınlarının biznes imkanları ilə əlaqələndirəcəklər. Amma həmin sərvətləri korrupsiya, dövlət vəsaitləri ilə qeyri-şəffaf davranmaq yolu ilə qazandıqlarını dilə gətirməyəcəklər.
Ancaq ictimai rəy belə məmurların dediklərinə inamını çoxdan itirib. Aldıqları maaşla uyğun gəlməyən komfortlu həyat tərzi keçirən, dəbdəbəli mal-mülklərə sahiblənən həmin vəzifəli şəxslərin bütün bunlara necə sahib olduqları hər kəsə bəllidir.
İndi sizə haqqında danışacağımız məmurlardan biri ilə bağlı da eyni vəziyyətdir: "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təmir-tikinti idarəsinin rəisi Çingiz Məmmədovun təkcə sahib olduğu villaların sayı 12-dir. Bu barədə məlumat verən mənbənin sözlərinə görə, həm də hazırda həbsdə olan qanqster Hacı Məmmədova qohumluğu çatan idarə rəisi bu posta təyinat aldıqdan qısa müddət sonra Nabranda - "Dalğalı" adlanan yerdə, Quba, Şabran, Bilgəhdə (6-cı dalan küçəsi), Mərdəkan, Novxanı, Gəncə, Bakının "Vorovski" kimi məşhur olan Rəsulzadə qəsəbəsində dəbdəbəli mülklərə sahib olub. Elə bu sayımızda fotosunu sizə təqdim etdiyimiz Bilgəhdəki - 16 dalan deyilən yerdə yerləşən mülkü götürək (onun digər mülklərinin də fotoşəkillərini əməkdaşlarımız hazırlayırlar və növbəti saylarımızda onları sizə təqdim edəcəyik). Çingiz Məmmədovun bu villanı 2 milyon dollara tikib başa gətirdiyi deyilir. Maraqlıdır, idarə rəisi maaşı ilə bu məbləği əldə etmək üçün normal halda nə qədər vaxta almaq lazımdır? Yəqin on illərlə maaşını üst-üstə yığsa, Məmmədov həmin məbləği toplaya bilməzdi. Deməli, söhbət heç də maaşdan getmir.
İdarə rəisinin Əmlak Məsələləri Dövlət Komitəsinin yaxınlığındakı çoxmərtəbəli yeni inşa olan binadan 6 mənzil aldığı da bildirilir.
Bəs bütün bu mülklərin qaynağı haradandır? Dəmiryolu qurumunun təmir-tikinti idarəsimnin rəisi olsa da, Çingiz Məmmədovun bir çox iri, bahalı tikinti layihələrinə qoşulduğu deyilir. Bu isə onun arxasında güclü himayədarın olduğunu söyləmək üçün əsas verir. Yeri gəlmişkən, adıçəkilən idarə rəisinin prezidentin iqtisadi məsələlər üzrə köməkçisi və Prezident Administrasiyası rəhbərinin müavini olan Əli Əsədovla tələbə yoldaşı olduğu bildirilir.
Əlbəttə, idarə rəisinin haqqında danışılan mülkləri necə əldə etdiyini uzun-uzadı müzakirə etməyə dəyməz. Yuxarıda da vurğuladığımız kimi, bu, ictimaiyyətə onsuz da məlumdur.
Maraqlı olan odur ki, aidiyyatı qurumlar hara baxırlar? Niyə bir məmurun, özü də hansısa qurumun tikinti idarəsinin rəisi kimi heç də yüksək sayılmayacaq bir post tutan şəxsin qısa vaxtda belə geniş sərvətlərə sahib olması niyə araşdırılmır? Ölkədə korrupsiya ilə mübarizənin gücləndirilməsinə dair ölkə rəhbərliyinin iradəsi və tapşırıqları varsa, niyə hələ də bəzi məmurlar gündən-günə varlanmağa, zənginləşməyə davam edirlər?
Ölkə başçısı fevral ayındakı məlum müşavirədə korrupsiya, dəbdəbəyə meylli məmurlar haqqında çox sərt danışdı, onlara xəbərdarlıq etdi. Bundan sonra aidiyyatı qurumların üzərinə düşən əsas vəzifə bəzi məmurların adamı heyrətə gətirən varidatlarının qaynağını araşdırmaq, onların belə lüks, təmtəraqlı, komfort həyata necə nail olduqlarını müəyyənləşdirmək deyilmi?
Çingiz Məmmədov nümunəsində görürük ki, məhz bu cür suallar cavabsız qaldığına görə bəzi məmurların korrupsiya sevgisi və özlərini qanunların üzərində görmək xəstəliyi davam etməkdədir.
Mövzuya qayıdacağıq.
Seymur Quliyev
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00