Atəşkəs rejiminin qüvvədə qaldığı dövrdə Misirdən Qəzza sektoruna gündə 130 min litr dizel yanacağı tədarük ediləcək.
"Unikal" xəbər verir ki, “Al-Ahram” qəzeti məlumat yayıb.
“Atəşkəs razılaşması çərçivəsində Misirdən Fələstin eksklavına gündə 130 min litr dizel yanacağı və dörd çən maye qaz göndəriləcək”, - deyə Diya Raşvan bildirib. Onun sözlərinə görə, tərəflər arasında saziş qüvvəyə mindiyi tarixdən etibarən Qəzza sektoruna ərzaq, su və dərmanla yüklənmiş 200 avtomobil daxil olacaq.
Atəşkəs rejimi qüvvəyə mindikdən dərhal sonra Rafah keçid-məntəqəsindən Qəzza sektoruna humanitar yardım daşıyan yük avtomobilləri, o cümlədən yanacaq tankerləri daxil olmağa başlayıb. Bundan əlavə, 17 təcili tibbi yardım maşını ilə eksklavdan Misirə 19 yaralı aparılıb.
Xatırladaq ki, HƏMAS hərəkatı ilə İsrail arasında əldə edilən razılaşmaya əsasən bu gün yerli vaxtla səhər saat 07:00-da (Bakı vaxtı ilə 9:00) Qəzza sektorunda dörd günlük atəşkəs rejimi qüvvəyə minib.