Rusiya silahlı qüvvələri noyabrın 25-nə keçən gecə və səhər saatlarında Kiyevə hava hücumu edib.

"Unikal" xəbər verir ki, yerli vaxtla səhər 05:30 radələrindən başlayaraq Kiyevdə partlayış səsləri eşidilib. Paytaxtda hava hücumundan müdafiə sistemi aktiv şəkildə işə düşüb.

Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popkonun yaydığı məlumata görə, Rusiyanın kamikadze dronları hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilsə də, qalıqları dağıntılara səbəb olub.

Rusların paytaxta gecə hücumu zamanı dronların dağıntıları Kiyevin Peçersk və Solomonsk rayonlarına düşüb. Nəticədə uşaq bağçasında yanğın baş verib.

"Düşmənin PUA-larının vurulması və dağıntıların olması nəticəsində Solomensk rayonundakı uşaq bağçasının ərazisində yanğın baş verib. Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. Fövqəladə hallar xidmətinin əməkdaşları əraziyə cəlb olunub", - deyə Popko bildirib.

Kiyev şəhər meri Vitali Kliçko isə açıqlama verib ki, Solomenski rayonunda bir neçə yerdə - yaşayış binasında və qeyri-yaşayış sahələrində yanğın olub. Həmçinin Solomenski rayonunda 11 yaşlı uşaq xəsarət alıb. “Həkimlər hadisə ilə bağlı yardım göstərirlər”, - deyə Kliçko əlavə edib.

Kiyev şəhər Hərbi Administrasiyası paytaxta doğru yeni kamikadze dronlarının hücumunun olacağı xəbərdarlığını edib.