"Həmişə sırf futboldan danışmışam. Amma bu gün filmdən söhbət edirik və ona görə də budəfəki müsahibəm fərqlidir. Filmdə keçdiyim yollar qısa olaraq göstərilir. Lakin mən filmi izləyərkən uzaqlara getdim".
"Unikal" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov haqqında çəkilən və dünən təqdimatı olan "Stadionlar səssiz olanda" filmi barədə danışarkən deyib.
Sonda Q.Qurbanov filmin ona daha çox təsir edən hissələrindən də söz açıb:
"Maraqlı hissələr çox oldu. Amma iki hissə mənə daha çox təsir etdi ki, bunlardan birincisi qardaşım Musanın əsgərlikdən gələndən sonra mənim məşqlərimi, oyunlarımı izləməsi idi. Digəri isə 16, yaxud 17 yaşımda, indi dəqiq xatırlamıram, ilk dəfə maaş aldığım epizod idi. Yadımdadır, həmin vaxt 70 manat maaş aldım və stadiondan birbaşa Zaqatala bazarına yollandım, evə 40 manatlıq bazarlıq etdim. Gələrkən evdə təkcə anam var idi. İlk dəfə öz maaşımla evə bazarlıq etmişdim. Bu hissə mənə çox təsir etdi, anamı xatırladım. Bir anlıq o günlərə qayıtdım".