30 noyabr - 1 dekabr 2023 tarixlərində Bakıda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “İdman elmlərinin inkişafında müasir tendensiyalar” mövzusunda II beynəlxalq elmi konfrans keçiriləcək.

"Unikal" xəbər verir ki, konfransın əsas məqsədi idman elmlərində müasir nəzəriyyələri, yeni tendensiyaları müzakirə etmək, idmanla bağlı müxtəlif sahələrin təmsilçiləri arasında fənlərarası fikir mübadiləsi aparmaqdır.

Konfransda respublikamızın bədən tərbiyəsi və idman sahəsindəki görkəmli mütəxəssisləri ilə yanaşı Böyük Britaniyanın London Kollec Universiteti (UCL), Portsmouth Universitetinin, Keele Universitetinin, Belqrad Universitetinin və digər ali məktəblərin professor heyətinin iştirakı gözlənilir.

Maykl Pol Luzmor, Paulina Mariya  Kloskovska, Amanda Ceyn Pinkney, Kolin Raymond Gibson, Denis Remedios, Endryu Len, Con Pol Bakli, Roman Yahoda, Bryus Paton, Amanda Ceyn Pinkney kimi beynəlxalq səviyyədə tanınmış mütəxəssislər öz bilik və təcrübələrini konfrans iştirakçıları ilə bölüşmək üçün ölkəmizə səfər edəcəklər.

Konfransın Four Seasons Hotel Baku otelində keçiriləcək ilk günündə idman elminin idman psixologiyası, idman tibbi, idman menecmenti və idman hüququ kimi istiqamətləri üzrə aktual mövzularda məruzələr təqdim ediləcək.
Konfransın ikinci günü idman elminin müxtəlif sahələrini əhatə edən praktiki təqdimatlar və müzakirələrlə ASAPES-də davam edəcək.

Konfransın təşkilat komitəsi media nümayəndələrini tədbirə dəvət edir.