"Şirvan Yağ-Piy" ASC-də nə baş verir?
21:55 19-04-2013
İQTİSADİYYAT
"Şirvan Yağ-Piy" ASC-də nə baş verir?
İşdə vəfat edənlərin uşaqlarına yardım kəsilib
"Şirvan Yağ-Piy" ASC əmək şəraitində vəfat edən işçilərin uşaqlarına ödəməli olduğu yardımı dayandırıb. Bu isə narazılığa səbəb olub.
Bununla bağlı narazılığını bildirənlərə isə deyilib ki, "şirkət rəhbərinin sizə yazığı gəlsə, təqaüdün verilişini bərpa edəcək". Amma sonradan məlum olub ki, rəhbərlik təqaüdü bərpa etməkdən birmənalı imtina edib.
Narazılardan olan Cəlilabad rayon sakini Rafiq Qədirov bildirib ki, atası Rza Qədirov 1993-cü ildə işlədiyi Əli-Bayramlı Yağ-Piy Kombinatında yanğın zamanı həlak olub. Rza Qədirovun himayəsində olmuş azyaşlılara görə təqaüdü əldə etmək üçün bir neçə il əvvəl keçdikləri çətinliklərdən danışıb: "Atam 1993-cü ildə işdə həlak olmasına baxmayaraq, ölümündən sonra onun aylıq əməkhaqqısının himayəsində olmuş azyaşlılara verilməli olmasını 10 il bilməmişik. Bu müddət ərzində heç iş yerindən də təşəbbüs göstərib, bu qanuni təqaüdü bizə
verməyiblər. 2003-cü ildə mən bu məsələni Əli-Bayramlı Yağ-Piy ASC-nin rəhbərliyi qarşısında qaldıranda və 10 il bizə ödənilməyən təqaüdləri tələb edəndə ASC rəhbərliyi cavab verdi ki: "Sizin atanızı biz öldürməmişik və sizə biz tərəfdən təqaüd düşmür". Mən Əmək Müfəttişliyinə və başqa aidiyyəti orqanlara şikayətlər yazandan sonra ödənilməli olan 10 ilin təqaüdünü birdəfəlik ödəmə ilə bizə verdilər. Ondan sonrakı ödənişlər də aybaay olurdu. Həmin təqaüdü bizə iki qardaşımın üç azyaşlı balalarına görə verirdilər. Çünki həmin uşaqlar atamın himayəsində olmuşdu".
Rafiq Qədirov deyir ki, sonradan Şirvan Yağ-Piy ASC-yə çevrilən kombinat "MKT" İK (İstehsalat Kommersiya) MMC-nin tərkibinə keçib. Təqaüd alan azyaşlı uşaqlar 18 yaşına çatdıqlarına görə 2011-ci ildə MMC təqaüdü kəsib: ""Şirvan Yağ-Piy" ASC uzun illərdir ki, MKT İK MMC-nin tərkibindədir. Mən də əvvəl həmin MMC-yə ərizə yazdım, hüquqşünasları ilə danışdım. MMC-nin hüquqşünası Eldəniz Quliyev bildirdi ki, baş direktor İkram Kərimli ərizəyə baxaraq, "Şirvan Yağ-Piy ASC-yə göndərib. Hüquqşünasın sözlərindən belə aydın oldu ki, ASC-nin rəhbəri Tahir müəllimin bizə yazığı gəlsə, ali məktəbdə təhsil alan qardaşım oğlunun müavinətinin verilişini bərpa edəcək. Bir müddət səs-soraq çıxmadığını görüb, ASC-nin kadrlar şöbəsinə zəng vurdum. Bildirdilər ki, Tahir müəllim müavinəti bərpa etməyib".
İndi Rafiq Qədirov tələbəyə verilməli olan təqaüdün bərpasını tələb edir.
"MKT" İK MMC pambıq və pambıq məhsulları istehsalı və satışı ilə məşğul olan Azərbaycan şirkətidir. "Şirvan Yağ-Piy" ASC də bu MMC-yə daxildir. Şirkətin hüquqşünası bildirib ki, Rza Qədirov işdə vəfat edərkən himayəsində heç kəs olmayıb. Mərhumun qardaşlarının azyaşlı uşaqlarına isə şirkətin həmkarlar təşkilatı sadəcə yardım edib.
Hüquqşünasların rəyinə görə isə, Mülki Məcəllənin 1121-ci maddəsi ailə başçısının ölümü nəticəsində zərərçəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsinə zəmin yaradır. Həmin maddənin 3.1-ci hissəsi himayədə olanların 18 yaşına çatanadək, 3.2-ci maddəsi isə 18 yaşından yuxarı tələbələrə əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu 23 yaşınadək bu təqaüdü almaq hüququ verir. Əgər himayəçilik rəsmən təsdiqlənirsə və şirkət təqaüdü ödəməkdən boyun qaçırırsa, uşaq həddi-buluğa çatdığına görə şəxsən özü şirkətə qarşı məhkəmə iddiası qaldıra bilər.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40