"Əcnəbilər yerli qanunlara əməl etməli, dili bilməlidirlər". 

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkədə miqrantlarla bağlı vəziyyətdən danışarkən deyib. 

Rusiya liderinin sözlərinə görə, ölkə etnomədəni tarazlığı qorumalıdır. Hazırda Rusiya Federasiyasında miqrasiya sahəsində baş verənlər ilk növbədə işçi qüvvəsinin çatışmazlığı ilə diktə olunur. Ona görə də Rusiyaya işləməyə gələnlərin təlim keçməsi lazımdır.

"Biz Rusiya iqtisadiyyatının maraqlarına cavab verən əmək resurslarını cəlb etməliyik. Bu, hər şeydən əvvəl o deməkdir ki, bu insanlar linqvistik baxımdan, etnomədəni nöqteyi-nəzərdən hazırlanmalı, adət-ənənələrimizi bilməlidirlər, qanunlara hörmət etməlidirlər”, - deyə Putin bildirib. 

O qeyd edib ki, Rusiya hazırda MDB ölkələrində rus dilində tədris olunan rus məktəbləri açır və digər tədbirlər həyata keçirir. Lakin bu, ziyarətçilərin yaşayacaqları ölkənin dilini, qanunlarını və adət-ənənələrini yaxşı bilməsi faktını dəyişdirmir.