Mən Laçına qayıtmış sakinlərlə görüşümdə qeyd etdim ki, bu məsələnin normal həlli yolu var və mən o zaman dedim, separatçıların ldierləri təslim olsunlar, onlara qarşı amnistiya tətbiq edilə bilər. Təəssüf olsun ki, yenə də mənim sözlərimə düzgün qiymət verilmədi. Bu gün separatçıların rəhbərləri Azərbaycandadırlar. Onlar buraya gəlmək istəyirdilər və bizi hədələyirdilər ki, tank üzərində gələcəklər Azərbaycana, Bakıya. Bu gün isə Azərbaycanda mühakimə olunmağı və bizim ədliyyə sisteminin yekun qərarını gözləyirlər.
"Unikal" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı söyləyib.
Dövlətimizin başçısı deyib: “Ümid edirdik ki, biz Qarabağ ermənilərinin nümayəndələri ilə təmaslar qura biləcəyik. Lakin təəssüflər olsun ki, orada hakimiyyəti bir növ inhisarçılığa götürmüş insanlar buna imkan vermədi. Bundan əlavə, sentyabr ayında iki hadisə baş verdi ki, bu, bizim üçün qırmızı xəttin keçməsi demək idi. Birincisi, Ermənistan baş nazirinin dırnaqarası “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyi münasibətilə təbriki, bu, tamamilə Ermənistan baş nazirinin dediyi və imzaladığı sənədlə ziddiyyət təşkil edirdi. Çünki ötən ilin oktyabrında Ermənistan və onun baş naziri rəsmi olaraq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdı. Bundan sonra eyni ruhda olan çoxsaylı bəyanatlardan sonra separatçılara təbrik məktubunun göndərilməsi tamamilə qəbuledilməz idi bizim üçün və çoxziddiyyətli bir hərəkət idi”.