Avropa İttifaqının bəzi ölkələri Rusiyanın Aİ ərazisindəki dondurulmuş vəsaitlərinin Ukraynaya verilməsi ilə bağlı İspaniyanın irəli sürdüyü təklifi dəstəkləməyib.

"Unikal" xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Qeyd olunur ki, bu il Aİ Şurasının sədri olan İspaniyanın təklifi ilə Rusiya Mərkəzi Bankının dondurulmuş ehtiyatlarının 2027-ci ildə 15-17 milyard avroya çata biləcək gəlirlərinin Ukraynaya ayrılması nəzərdə tutulurdu, lakin Aİ bunun Avropa Birliyinin prioritetlərinə uyğun olmadığını qeyd edib. Brüsseldə hesab edirlər ki, Kiyevə bu vəsaitləri almaq üçün bir neçə aydan bir neçə ilə qədər vaxt lazım olacaq, Kiyevə isə tez dəstək lazımdır.

Qəzet qeyd edir ki, İspaniya tərəfi də 15-17 milyard avro ilə bağlı yuxarıda qeyd olunan rəqəmləri haradan əldə etdiyini əsaslandırmayıb, eləcə də hazırda Avropa İttifaqında mövcud olan əhval-ruhiyyəni nəzərə almayıb.