Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.
Müxalifət partiyalarından kimlər seçkilərdə iştirak edəcək?
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu "Unikal"a açıqlamasında bildirib ki, konstitusiyada və qanunda növbədənkənar seçkilərin keçirilməsinin müəyyən şərtləri var.
"O şərtlərin hər hansı biri olduğu təqdirdə növbədənkənar prezident seçkiləri keçirilir. Bu seçkilər olduqca əlverişsiz bir vaxta təyin olunur. Sinoptiklərin verdiyi məlumata görə, bu il ən sərt qış olacaq. Həmin dövrdə seçki kampaniyası aparmaq, seçicilərlə görüş və s. çətin olacaq", - deyə S.Cəlaloğlu qeyd edib.
Partiya sədri vurğulayıb ki, şəxsən seçkilərdə iştirak etmək niyyəti yoxdur: "Bu, şəxsi fikrimdir. Partiyanın idarə heyətində bu məsələ müzakirə olunacaq. Əgər idarə heyəti seçkilərdə iştirakla bağlı qərar verəcəksə, məclis çağırmalıyıq və onlar da bununla bağlı konkret qərar verməlidir. İştirak etmək asan məsələ deyil. İmza toplamaq və digər işlər görmək lazımdır. Bir neçə dəfə seçkilərdə iştirak etdiyim üçün bildirim ki, bunlar ağır, yorucu, insan qüvvəsi, maliyyə tələb edən prosesdir. Şəxsən özüm iştirak etmək istəmərəm. Bunun digər səbəbi Prezident İlham Əliyevin Qarabağ müharibəsində əldə etdiyi nailiyyət müqabilində alternativ kimi çıxış etməyi mənəvi cəhətdən düz hesab etmirəm. Azərbaycanın yaxın tarixində çox böyük işin öhdəsindən gəlib. Partiyanın bu seçkilərdə hansı prinsipdən iştirak etmək istəyəcəyini bilmirəm. Bununla bağlı gərək müzakirə edək. Birinci gün yəqin ki, bu məsələyə aydınlıq gələcək. Seçkilərdə iştirakla bağlı məclisin qərarı olmalıdır. İdarə heyəti təklif verə bilər, təcili məclis çağırılmalıdır".
“Ümid” Partiyasının sədri İqbal Ağazadə saytımıza açıqlamasında qeyd edib ki, seçkilərdə iştirakla bağlı partiyanın idarə heyətinin qərarı olmalıdır: "Yəqin ki, sabah idarə heyəti toplaşacaq. İdarə heyətinin qərarından sonra partiyanın ali məclisi bununla bağlı qərar qəbul edəcək. Seçkilərdə iştirak edib-etməmək məsələsində hələlik qərarımız yoxdur".
Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, idarə heyətinin iclasını çağırıblar və bu gün toplaşacaqlar:
"Partiya olaraq qərarımız var idi ki, boykot məsələsini qəbul etmirik. Boykot anlayışı yoxdur. Qərar anidən oldu. Gözlənilən referendum, parlament seçkiləri idi. Artıq sabahdan seçki müddəti başlamış olacaq. Bu gün idarə heyətinin iclasını çağırmışıq. İdarə heyəti toplanacaq və müzakirələrdən sonra qərar veriləcək. Hələlik yekun qərarımız yoxdur".
Anar Kəlbiyev