Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası 2024-cü ildə Rusiyada prezident seçkilərinin üç günlük müddətə, martın 15-dən 17-dək keçirilməsinə qərar verib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. 

“Üç günlük səsvermə artıq bizim seçki sistemimiz üçün ənənəvi hal alır. O, ilk dəfə epidemiya zamanı seçicilərin təhlükəsizliyini təmin etmək üçün istifadə edilib, lakin zaman keçdikcə bu format digər üstünlüklərinə görə seçicilərin əksəriyyətini özünə cəlb edib”, - deyə MSK rəhbəri Ella Pamfilova bildirib.

Ukrayna ilə həmsərhəd olan Belqorod, Bryansk və Kursk vilayətlərində və Rusiya Federasiyasına bağlı digər ərazilərdə Mərkəzi Seçki Komissiyası əlavə iki səsvermə formasını tətbiq etməyə hazırlaşır, Pamfilova bildirib. 

Onun sözlərinə görə, bunun bir yolu, seçki məntəqələrindən kənarda rayonlarda və digər yerlərdə səs verməkdir. İkincisi, “səsvermə məntəqələri olmayan, yaşayış məntəqələrində və digər yerlərdə yaşayan (yerləşən) seçici qruplarının səsverməsidir”, - deyə MSK sədri bildirib.

Eyni zamanda, Pamfilova qeyd edib ki, “Rusiya Federasiyasına yenidən birləşən təsisat subyektlərində səsvermənin keçirilməsinin “nə dərəcədə məqsədəuyğun və mümkün olduğu” hələ qərarlaşdırılmayıb, müvafiq qərar dekabrın 12-dək qəbul edilməlidir.

Xatırladaq ki, dekabrın 7-də Federal Şura növbəti prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. 

Rusiya Federasiyasının hazırkı prezidenti Vladimir Putin bu gün Kremldə Rusiya Federasiyası qəhrəmanlarının mükafatlandırılması mərasimində prezident seçkilərində növbəti müddətə namizədliyini irəli sürəcəyini açıqlayıb.