Fahişəliyin leqallaşması istənildi
20:32 20-04-2013
İQTİSADİYYAT
Fahişəliyin leqallaşması istənildi
“Azyaşlılar şəxsiyyət vəsiqəsi almağa görə rüsumdan azad olunmalıdır”
Milli Məclisdə “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanun layihələrinə dəyişikliklər müzakirə olunub. Müzakirələr zamanı deputatlar maraqlı təkliflə çıxış ediblər. Deputat Zahid Oruc bildirib ki, əslində ümumvətəndaş sözü düzgün seçilməyib.
Onun sözlərinə görə, “şəxsiyyət vəsiqəsi məsələsindən əl çəkib, pasporta qayıtmalıyıq”. Birinci vitse-spiker Ziyafət Əsgərov isə ona xatırladıb ki, şəxsiyyət vəsiqəsinin yuxarısında “Azərbaycan vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd” sözü yazılıb. Deputat Asim Mollazadə Azərbaycanda şəxsiyyəti təsdiq edən vahid sənədin olmasını zəruri sayıb: “Vətəndaşla bağlı məlumatlar müasir texnologiyalardan istifadə etməklə biometrik sənəddə cəmləşdirilə bilər. Bu sənədlə həm ölkə daxilində hərəkət etmək, həm də xaricə getmək mümkün ola bilər”.
Deputat Fazil Mustafa da vahid sənəd formasının qəbulunun vacib olduğunu vurğulayıb: “Bu, həm vəsaitə qənaət etməyə səbəb olar. Digər tərəfdən, şəxsiyyət vəsiqəsinin 15 yaşdan etibarən verilməsi anlaşılandır. Türkmənistanda təbii sərvətlərin bir qismi vətəndaşlara ayrılır, vətəndaşlara göstərilən kommunal xidmətlərin müəyyən hissəsi pulsuzdur. Bəlkə də bu, milləti tənbəlliyə öyrədir. Ancaq Azərbaycanda işləməyən 15 yaşlı uşaq şəxsiyyət vəsiqəsi almaq üçün 20-30 manat rüsum ödəməlidir. Azyaşlıların rüsum ödəməsi məsələsi tamamilə aradan qaldırılmalıdır”.
F. Mustafa şəxsi qeydiyyat problemindən də danışıb: “Faktiki yaşadığın yerdə qeydiyyata düşmək imkanı yoxdur. Məsələn, mən evimi satıb, Yasamalda yeni binada mənzil alıb, təmir edib yaşayıram. Əvvəlki evimin hazırkı sahibi də oradan qeydiyyatdan çıxmağımı tələb edir. Lakin qeydiyyata düşə bilmirəm, çünki bina qeydiyyata alınmayıb. Özümlə bağlı misal çəkdim ki, vəziyyət daha aydın olsun. Çox insan bu problemdən əziyyət çəkir. İnsanların faktiki yaşadıqları yerlərdə qeydiyyata düşməsi asanlaşmalıdır”.
Siyavuş Novruzovdan
fahişə təklifi
Milli Məclisdə ölkədə fahişəliyin leqallaşdırılması təklif olunub.
“İnsan alverinə qarşı mübarizə haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Siyavuş Novruzov bildirib ki, milli-mənəvi dəyərləri nəzərə alsaq, bu məsələyə bir az fərqli baxmaq lazımdır: “İndi insan alveri ilə bağlı qanunları sərtləşdiririk, amma problemlər bir az da ağırlaşacaq. Çünki bu işlə qeyri-rəsmi məşğul olanlar yenə də məşğul olacaqlar. Əslində qanunların sərtləşməsi korrupsiyaya yol açacaq. Bu gün Ukraynadan, Filippindən Azərbaycana belə qadınlar axışır. Ötən əsrin əvvəllərində Türkiyədə də belə bir dövr yaşanırdı. Ataturk də bununla bağlı çıxış etmişdi. Çünki Fransadan, başqa Avropa ölkələrdən qadınlar gəlir, 1 il sonra varlanıb gedirdilər. Ona görə də Atatürk bu məsələyə diqqət çəkmişdi. Qanunları sərtləşdirməklə bu məsələnin qarşısını almaq mümkün olmayacaq. İnsan alverinin qarşısını ABŞ və Avropada da ala bilmirdilər. Digər tərəfdən, polis gələndə iki tərəf də qarşılıqlı razılaşma əsasında bir yerdə olduğunu söyləyirlər. Gəlin bu sahədə beynəlxalq təcrübədən istifadə edək. İndi hamı milli-mənəvi dəyərlərin daşıyıcısı, mömin olduğunu söyləməyə başlayacaq”.
İclasa sədrlik edən birinci vtse-spiker Ziyafət Əsgərov Səyavuş Novruzovdan fahişəliyi leqallaşdırmaq təklifi irəli sürüb-sürmədiyini soruşub.
Siyavuş Novruzov isə bildirib ki, leqallaşma bir çox problemin qarşısını alacaq: “Bütün Avropa ölkələri artıq bu işin çəmini tapıb, biz də onların təcrübəsindən istifadə edə bilərik”.
“Mənim nəzərimdə qadınları fahişəliyə cəlb etməkdən ağır bir şey yoxdur”. Bu fikri millət vəkili Qənirə Paşayeva Milli Məclisdə “İnsan alverinə qarşı mübarizə haqqında” qanun edilən dəyişiklikləri müzakirəsi zamanı səsləndirib. Onun dediyinə görə, indi Azərbaycanda fahişəliyə cəlb etmək cinayətinin cəzası məcburi əməyə cəlb etməyə nisbətən azdır və bu cəzaları sərtləşdirmək lazımdır: “Qanunda bildirilir ki, gəlir və ya digər məqsədə fahişəliyə cəlb etməyə görə 2500 və ya 3500 manata qədər cərimə, 160 saat və ya 248 saatadək ictimai iş, 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bu qədər “və ya” nəyə lazımdır? Qadınları ölkənin xaricində və ya daxilində satmağın nə fərqi var? Bu “və ya”lar cinayətkar insanların cəzalardan qurtulmasına kömək edəcək”.
Tarixi şəxsiyyətlər
qorunacaq
Milli Məclisin iclasında Mədəniyyət Komitəsinin sədri, deputat Nizami Cəfərov “tarixi şəxsiyyətlərin qorunması” haqqında qanun layihəsinin hazırlanması ilə bağlı təklif irəli sürəcək.
Bu barədə deputat N. Cəfərov bildirib. Millət vəkilinin sözlərinə görə, analoji qanunlar xarici ölkələrdə tətbiq olunur. “Bu qanuna görə Azərbaycanın ictimai-siyasi-mədəni həyatında önəmli rolu olmuş şəxslər barədə təhqiredici ifadələr işlədənlər müvafiq məsuliyyət daşımalıdırlar. Bu təklif Milli Məclisin digər deputat həmkarları tərəfindən də dəstəklənib. Belə qanunun qəbuluna ehtiyac var”-deyə N. Cəfərov vurğulayıb.
İctimai Televiziya və
Radio Yayımları
Şurasının yeni
üzvləri seçildilər
Milli Məclisin iclasında İctimai Televiziya və Radio Yayımları Şurasının tərkibində dəyişiklik edilməsi ilə bağlı məsələ müzakirə edir.
Spiker Oqtay Əsədov isə Yayım Şurasının yeni tərkibi təsdiqləndikdən sonra millət vəkillərinin təklif və tövsiyələrinin nəzərə alınacağına ümid etdiyini söyləyib: “Əgər bu işlər yerinə yetirilsəydi, bu təkliflər və tövsiyələr də olmazdı”.
Milli Məclisdə İctimai Televiziya və Radio Yayımları Şurasının tərkibində dəyişiklər qəbul edilib. Azərbaycan Boks Federasiyasının Təşkilat Komitəsinin sədri Yusif Babanlı (102 lehinə, 1 əleyhinə, 1 bitərəf ), Qafqaz Müsəlmanları İdarəsi sədrinin müşaviri Fuad Nurullayev (96 lehinə, 1 əleyhinə, 1 bitərəf) və Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Zemfira Qafarova (96 lehinə, 4 əleyhinə, 1 bitərəf) Yayım Şurasının yeni üzvləri seçiliblər.
Digər namizədlər səsverməyə çıxarılmayıb.
Milli Məclis Ayla bağlı qanun qəbul etdi
Milli Məclisdə “Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında” Müqavilənin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Sənəd barədə Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev məlumat verib. Şəmsəddin Hacıyev deyib ki, bu Müqavilə 1967-ci ildən qüvvəyə minib, dünya ölkələrinin əksəriyyəti bu sənədə qoşulub. Onun sözlərinə görə, müqavilənin əsas məqsədi kosmik fəzanın istisnasız olaraq sülh məqsədi ilə tədqiq edilməsi, bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsidir. Müqavilə səma cisimlərinin işğalını qadağan edir.
Azərbaycanın kosmosa peyk göndərdiyini xatırladan Şəmsəddin Hacıyev qanunun qəbulunun zəruri olduğunu bildirib.Qanun qəbul edilib.
Deputatlar Milli
Qəhrəmanların
müdafiəsinə qalxdılar
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, hər kəs Milli Qəhərəman qarşısında baş əyməlidir:-“Onların nə problemləri varsa yaxından kömək etməliyik. Dövlətin Milli Qəhrəmanların sosial müdafiəsi ilə bağlı çox önəmli addımları var. Onlar hər zaman Prezidentimizin diqqət və qayğısındadırlar. Biz şəhid ailələri ilə bağlı da önəmli sənədlər qəbul etmişik. Onların uşaqları təhsil haqqından azad edilib. Yəni bu istiqamətdə ciddi addımlar atılır. Mən bir şeyə təssüf edirəm ki, bəzən bizdə məmurlar belə insanları incidirlər. Hesab edirəm ki, elə məmurların dövlətçiliyə, vətənə, Prezidentimizə sədaqəti yoxdur. Niyə anlamırlar ki, bu insanların göstərdikləri şücaət hesabına bu gün vəzifədə oturublar. Mən Milli Qəhrəmanlara göstərilən belə hörmətsizlikləri qəbul edə bilmərəm.
Milli Qəhrəmanlar belə məmurları ifşa etməlidirlər. Biz də belə məmurları tənbeh etməliyik. Onlar ictiami qınaq obyektinə çevrilməlidir. O məmur ki bizim qəhrəman oğullarımızı qapı arxasında saxlayır, onun vəzifə tutmağa haqqı yoxdur. Cənab Prezidentdən örnək götürməlidirlər. Görsünlər dövlətimizin başçısı belə insanlara hansı münasibət sərgiləyir. Düşünürəm ki, belə hallara yol verən məmurlar işdən kənarlaşdırılmalıdırlar”.
Deputat Fazil Mustafa da bildirib ki, Milli Qəhrəman statusu daşıyan və vətən yolunda canından keçən insanların incik salınması yolverilməzdir: “Qarabağ savaşında iştirak eləmiş insanların taleyi hər kəsin maraq dairəsinmdə olmalıdır. Bu istiqamətdə tək dövlətin deyil, bütün ictimai institutların dəstəyinə ehtiyac var. Milli Qəhrəmanların ölkədə vəziyyətinə gəlincə, onlar bizim torpaqlarımız uğrunda fədakarlıqla vuruşublar. Ona görə də onlara hər yerdə hörmət edilməlidir. Milli Qəhrəmanlara dövlətin açıq qayğısı hiss olunmalıdır. Onların yaşam şəraitlərindən tutmuş müalicə qayğılarına qədər ciddi addımlar atılmalıdr. Ona görə də heaab edirəm ki, onların probleminin həlli təkcə statusun artırılması ilə bitməməlidir. Bütövlükdə cəmiyyət içində hörmət göstərilməsi çox vacibdir. İdarələrdə məmurlar tərəfindən xüsusi diqqətlə qarşılanmalıdırlar”.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55