"Vətən müharibəsinin iştirakçısı, çoxsaylı medallarla təltif olunan, ikinci qrup əlil, Salyan rayonunun Kəribəyli kənd sakini, ali təhsilli, ADPU -nun Psixologiya ixtisası üzrə məzun İbrahim Hüseynov Salyan-Şirvan Regional İdarəsinin rəisi Sənan Məsimlinin əmri ilə Qarabağlı kənd 1 saylı tam orta məktəbinə xadimə "vəzifə"sinə təyin olunub". 

"Unikal" xəbər verir ki, bu barədə millət vəkili Fəzail Ağamalı sosial şəbəkədə paylaşım edib. 

"Mənimlə söhbətində dəyərli qazimiz ona utanc verən və bəzi yuxarı sinif şagirdləri tərəfindən gülünc hədəfinə çevrilən, onu çox pis vəziyyətə salan bu işin başqa bir işlə əvəz olunmasını dəfələrlə S.Məsimlidən xahiş etsə də o, müxtəlif bəhanələrlə bundan imtina edib", - deyə Ağamalı qeyd edib.

Məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi açıqlama yayıb. 

Açıqlamada deyilir: 

"Araşdırma nəticəsində məlum olmuşdur ki, 2020-ci ildə Azərbaycan Dövlət Pedaqoji  Universitetinin korreksiyaedici təlim ixtisası üzrə bitirmiş İbrahim Hüseynov 15.09.2021-ci ildə  Qarabağlı kənd 1 nömrəli tam orta məktəbinin direktorunun əmri ilə  öz xahişi və müraciəti əsasında məktəbdə texniki vəzifə üzrə işə götürülmüşdür.

Şirvan-Salyan Regional Təhsil İdarəsi fəaliyyətə başladığı gündən bu günə qədər Salyan rayon sakini İbrahim Hüseynov iş yerinin dəyişdirilməsi və ya başqa vəzifəyə keçirilməsi ilə bağlı hər hansı  bir müraciət etməmişdir.

İxtisası korreksiyaedici təlim   olan İbrahim Hüseynova  Regional idarənin əhatə etdiyi təhsil müəssisələrində ixtisasına uyğun vakansiya yaranacağı təqdirdə işlə təmin olunmasına köməklik ediləcəkdir.

Əlavə olaraq bildiririk ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin fəaliyyətə başladığı gündən  tabeçiliyində olan məktəbəqədər və ümumtəhsil müəssisələri üzrə 42 nəfər şəhid ailə üzvü , 54 qazi müxtəlif  vəzifələrə işə təyin olunmuşdur.

Vakansiyalar yarandıqca növbəli şəkildə iş yerləri şəhid ailə üzvlərinə və qazi vətəndaşlarımıza təklif edilir".