Dövləti təhdid edən amillərdən biri - korrupsioner məmurlar
20:33 20-04-2013
İQTİSADİYYAT
Dövləti təhdid edən amillərdən biri - korrupsioner məmurlar
Dövlətşünaslar rüşvətxorluğu dövlətin varlığı üçün ən ciddi təhlükə hesab edir
Tarix çox dövlətlər, çox xanədanlar görüb. Və gördükcə də zaman-zaman onları öz dəyirmanında üyüdərək yelə verib. Bu yelə verilmənin ən birinci səbəbi icra başında olanların acgözlüyü və qanunları ayaqlar altına atıb tapdalamaları olub.
Hazırda ölkədə korrupsiya ilə mübarizə tədbirlərinin gücləndirilməsinə rəğmən bizdə bu bəla hələ də ciddi problem olaraq qalmaqdadır. Xoşagəlməzi odur ki, rüşvətə və korrupsiyaya meyilli məmurlar ilk növbədə dövlətin və ölkənin təhlükəsizliyinə zərbədir.
Doğrudur, əksər ekspertlər korrupsiyanın aradan qaldırılması üçün müxtəlif vasitələr təklif edirlər. Bildirirlər ki, birincisi iqtisadi inkişaf lazımdır. Sosial cəhətdən əhalinin vəziyyətinin yaxşılaşdırılması vacib şərtdir. Rəqabətli iqtisadiyyat olmalı, inhisarçılıq aradan qaldırılmalıdır. İnhisarçılıq korrupsiyaya qarşı mübarizəni heçə endirən bir amildir. Özəl sahibkalığa geniş yer verilməlidir. Hər hansı bir məmur sahibkarlığın inkişafına mane olur, onun üçün süni maneə yaradırsa, deməli o məmur dövlətin əleyhinə işləyir. Inzibati tədbirlərlə maarifləndirmə işləri paralel aparılmalıdır. Ədalətli məhkəmə olmalıdır. Bu şərtlər bir- birini tamamlamalıdır. Bu sıraya mən güclü siyasi müxalifəti də daxil edərdim. Harda güclü muxalifət varsa orda korrupsiya az olur. Ən önəmlisi isə azad medianın, müstəqil mətbuatın olmasıdır. Dünya təcrübəsində ayrı-ayrı məmurların korrupsiya əməlləri ilə bağlı KİV-in verdiyi məlumat hüquq mühafizə orqanları üçün əsas olur. Amma bizdə qanunvericilik imkan vermir ki, hüquq mühafizə orqanları KİV-in məlumatlarını əsas götürsünlər. Bundan əlavə, vətəndaş cəmiyyəti dövlətin fəaliyyətinə ictimai nəzarəti artırmalıdır. İctimai nəzarət olmadığı halda dövlət orqanı özü-özünə nəzarət edə bilməz. Etsə də öz xeyrinə edər.
Bütün bunlar korrupsiya ilə mübarizəni necə aparmaq lazım gəldiyinin şərtləridir. Amma nədənsə mətbuat və ekspertlər bəzi məmurların rüşvət və korrupsiyaya aludəçiliyinin sadəcə, onların zənginləşməsinə, ölkənin isə yoxsullaşmasına gətirib çıxarmasını vurğuladıqları halda, daha bir ciddi təhlükə haqqında danışmağı o qədər də sevmirlər.
Bu təhlükənin səbəbi əslində çox sadədir: pula hədsiz hərisliyi ilə seçilən məmur, zənginləşmək üçün hər cür qanunsuzluğa əl atmağa hazır olan vəzifəli şəxs ilk növbədə dövlətin təhlükəsizliyini təhdid edir. Bu barədə hələ bir neçə il öncə ölkə başçısı çox açıq və sərt danışmış, qeyd etmişdi ki, korrupsiya nəticəsində əldə edilən çirkli pullar dövlətin əleyhinə işləyə bilər.
Doğrudan da belədir: axı biz niyə nəzərə almırıq ki, bəzi məmurların mənimsəmələrlə, maxinasiyalarla, rüşvət almaqla əldə etdiyi həmin çirkli pullar xarici banklarda yerləşdirilir. Bu zaman belə məmur həmin xarici bankların yerləşdiyi ölkədən asılı hala düşür. Bunun isə fəsadları böyükdür, məsələn, həmin korrupsioner məmur o pulu itirməmək üçün şantaj edilməklə dövlətin maraqlarını hər vaxt sata bilər. İndi təsəvvür edirsinizmi, korrupsiyanın bir ölkəyə vura biləcəyi ziyan əslində düşünüldüyündən belə, nə qədər ağırdır?
Ona görə də korrupsiyaya yalnız iqtisadi problem kimi baxmaq olmaz, bunun siyasi və ideoloji zərbələri də bəzən qaçılmaz ola bilər.
Bir sözlə, korrupsioner məmur yalnız ölkəsinin iqtisadi gələcəyini, vətəndaşların firavan həyatını təhdid etmir, o, dövləti maraqlara da təhlükədir. Bunu yazmaqla korrupsiyadan, rüşvətdən çirkli pullar qazanmaq vərdişini tərgidə bilməyən bəzi məmurları xəbərdar etmək istədik.
Və onlar ölkə Prezidentinin korrupsiyaya qarşı başladığı mübarizəni özlərinin xilası üçün bir şans hesab etməlidirlər.
Natiq Oruclu
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17