AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarında təhsil alan I kurs magistrantları ilə görüş keçirilib. 

"Unikal" xəbər verir ki, görüşdə İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, elmi katib Zəhra Əzizova, Təhsil şöbəsinin müdiri, r.ü.f.d. Sevinc Quliyeva, İSİ-nin laboratoriya müdirləri, aparıcı alimləri, BDU-nun SABAH Mərkəzinin koordinatoru Sənəm Fərəcova, SABAH qruplarında “Əməliyyatlar tədqiqi və sistemli təhlil”, “Ehtimal nəzəriyyəsi və riyazi statistika”, “Kompüter elmləri və texnologiyaları” ixtisaslaşmaları üzrə təhsil alan magistrantlar iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov İdarəetmə Sistemləri İnstitutunun yaranma tarixi və keçdiyi inkişaf yolu, instituta rəhbərlik etmiş görkəmli alimlər, burada aparılan elmi tədqiqatların əsas istiqamətləri haqqında görüş iştirakçılarına məlumat verib. O, yüz ildən çox tarixə malik BDU-nun da ölkəmizin elm və təhsilində oynadığı rola xüsusi diqqət çəkərək burada təhsil almağın özünəməxsus üstünlükləri olduğunu qeyd etdi. Ə.Sadıqov universitetlərin nəzdində SABAH mərkəzlərinin yaradılması məsələsinə də toxunaraq respublikanın təhsil sistemində yeni mühitin yaradılması, ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun, yaradıcı düşüncəyə malik istedadlı kadrların hazırlığının təmin edilməsində bu mərkəzlərin xüsusi əhəmiyyətini vurğulayıb. 

Öz çıxışının davamında Ə.Sadıqov qeyd etdi ki, elmlə təhsilin inteqrasiyası istiqamətində görülən işlər çərçivəsində Elm və Təhsil Nazirliyinin ali təhsil müəssisələri ilə elmi tədqiqat institutları arasında sıx əməkdaşlıq əlaqələri qurulmuşdur. Elmi tədqiqat institutlarının alimləri respublikanın müxtəlif ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olurlar, tələbələr üçün mühazirələr, ustad dərsləri keçirilir, onların elmi tədqiqat institutlarında istehsalat və elmi tədqiqat təcrübələri keçməsi təşkil olunur. Son olaraq isə universitetlərin SABAH qruplarının magistrantlarına elmi-tədqiqat institutlarının aparıcı alimləri tərəfindən dissertasiya mövzularının təyin edilməsi, elmi rəhbərliyin həyata keçirilməsi məqsədilə əməkdaşlıq haqqında razılıq əldə olunmuşdur. Bugünkü görüş də magistrantlara dissertasiya mövzularının seçilməsi və elmi rəhbərlərin təyin edilməsi üçün magistrantların İSİ-nin alimləri, onların elmi fəaliyyətləri ilə bilavasitə tanış olmaları məqsədini daşıyır.

Daha sonra, İSİ-nin Dinamik sistemlərin kompüter modelləşdirilməsi laboratoriyasının müdiri t.e.d., prof. Allahverdi Həsənov, Fiziki, bioloji və iqtisadi proseslərdə idarəetmənin riyazi analizi laboratoriyasının müdiri r.e.d., dos. İlqar Məmmədov, Tətbiqi ehtimal-statistik metodlar laboratoriyasının müdiri t.e.d., dos. Yasin Rüstəmov və həmin laboratoriyanın aparıcı elmi işçisi r.ü.f.d., dos. Könül Ömərova, Siqnalların tanınması və intellektual analizi üsulları” laboratoriyasının müdiri t.ü.f.d., dos. Tahir Əlizadə, “Kəsilməz proseslərin modelləşdirilməsi və idarə edilməsi” laboratoriyasının müdiri r.ü.f.d., dos. Ədalət Paşayev və həmin laboratoriyanın baş elmi işçisi t.e.d., dos. Elxan Səbziyev rəhbərlik etdikləri laboratoriyaların əsas fəaliyyət istiqamətləri, əldə olunan mühüm elmi nailiyyətlər haqqında ətraflı məlumat verdilər, magistrantlara öz tövsiyələrini bildirdilər.

Çıxışlardan sonra magistrantları maraqlandıran suallar ətraflı cavablandırıldı.