Dekabrın 12-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

"Unikal" xəbər verir ki, müstəqil Azərbaycan dövlətinin banisi və memarı Heydər Əliyevin xatirəsi hər bir azərbaycanlı üçün əzizdir. Ermənistanın deportasiya siyasəti və hərbi təcavüzü nəticəsində ata-baba torpaqlarını tərk etmiş qaçqınlar və məcburi köçkünlər hər zaman Ulu Öndərin xüsusi diqqət və qayğısını hiss ediblər. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə ilk dövlət proqramı hazırlanıb və icra edilib. Ümummili lider Heydər Əliyevin uğurlu neft strategiyası öz bəhrəsini verməyə başladıqdan sonra Dövlət Neft Fondunun ilkin vəsaiti məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilib. Eyni zamanda, məhz Ulu Öndərin təşəbbüsü və çağırışı ilə beynəlxalq təşkilatlar məcburi köçkünlərə yardımlar göstərməyə başlayıb ki, bununla da humanitar fəlakətin qarşısı alındı.

Qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasətini Prezident İlham Əliyev daha da zənginləşdirərək uğurla davam etdirir. 2020-ci ildə Vətən müharibəsində qazandığımız qələbədən sonra keçmiş məcburi köçkünlərin doğma yurdlarında dayanıqlı məskunlaşmasının təmin edilməsi istiqamətində məqsədyönlü iş aparılır. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, bərpa edilən və yenidən qurulan tarixi yurd yerlərimizdə bu günədək 4 mindən çox məcburi köçkünün məskunlaşması təmin edilib. Məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təmin edilməsi üçün bütün zəruri tədbirlər icra olunur. İşğaldan azad olunmuş ərazilərin yenidən abadlaşdırılmasında Birinci vitse-prezident xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən böyük layihələrin də mühüm rolu vardır. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiram hissi ilə yad edib, məzarı önünə gül düzüb.