Qazax rayonunda Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi prosesi baş tutub.

"Unikal" xəbər verir ki, proses zamanı Ermənistan tərəfindən Azərbaycanın 2 hərbi qulluqçusu - Hüseyn Axundov və Aqşin Bəbirov azad olunub.

Azərbaycan tərəfi isə erməniəsilli 32 şəxsi qarşı tərəfə təhvil verib.

Qeyd edək ki, cari ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülmüşdü.

Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi hərbçilərin azad edilməsi barədə razılıq əldə olunub.

***

Məlumat verildiyi kimi, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunub.

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından "Unikal"a bildirilib ki, Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən, dekabrın 13-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib.

Təhvilvermə prosesində hər hansı insident baş verməyib. 

***14:55

Dekabrın 13-də Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu ərazisində hərbi əsirlərin mübadiləsi prosesi baş tutacaq. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Razılaşmaya görə Azərbaycan 32 erməni hərbçini, Ermənistan isə iki azərbaycanlı əsgəri - Hüseyn Axundov və Aqşin Bəbirovu təhvil verəcək. 

Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan bildirib ki, qaytarılacaq 32 əsirdən daha çox erməni Bakıda həbsdədir: "Onların da qaytarılması üçün çalışacağıq".

Sosial şəbəkələrin Azərbaycan seqmentində mübadilə prosesinin artıq başlanması barədə fotolar dərc olunub. 

Ağarza Elçinoğlu