“İrəvandakı bəzi siyasətçilər Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dəstək vermək səylərindən narazılıqlarını bildirir və 2020-2022-ci illərdə ən yüksək səviyyədə üçtərəfli sazişlərin effektiv olmamasından danışırlar.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb. 

O qeyd edib ki, üçtərəfli sazişlər qüvvədə qalır və tərəflərdən heç biri imzasını geri götürməyib: "Söhbət ondan gedir ki, 2022-ci ilin oktyabrında Aİ-nin himayəsi ilə Praqada keçirilən sammitdə Ermənistan tərəfi Qarabağ məsələsində öz mövqeyini 180 dərəcə dəyişdi. Həmin qərar Rusiya sülhməramlılarının yerləşdirildiyi zonada vəziyyəti kökündən dəyişdi".

Zaxarovanın sözlərinə görə, İrəvan nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı konkret razılaşmaların əldə edilməsini dondurur: "Xüsusilə, artıq aylardır ki, erməni tərəfi Ermənistan və Azərbaycan arasında dəmir yolu əlaqəsinin bərpası üzrə işlərin başlanmasına mane olur. Deməli, yuxarıda qeyd olunan qərarların icra olunmaması bəzilərinin iddia etdiyi kimi Moskvanın siyasətinin nəticəsi deyil, İrəvanın ardıcıl olmayan hərəkətlərinin birbaşa nəticəsidir". 

Ağarza Elçinoğlu