Xankəndi şəhəri istiqamətində avtoqəzaya düşən Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyevin tibbi vəziyyəti kritikdir, onlar hazırlıqlardan sonra əməliyyata alınacaqlar.

"Unikal" xəbər verir ki, bu barədə "Liv Bona Dea Hospital"ın baş həkimi Cabir Gülmalıyev jurnalistlərə açıqlamasında məlumat verib.

O, PFL prezidenti Elxan Səmədovla, vitse-prezident Aslan Şahgəldiyevin digərlərinə nisbətən vəziyyətinin daha kritik olduğunu söyləyib: "Elxan Səmədov sağ baldırın üçdə birində yerdəyişmiş qəlpəli açıq sınıq, Aslan Şahgəldiyev fəqərə sınığı, Sənan Abdullayev hər iki ayaq pəncəsinin əzilməsi, Rasim Qafarlı sağ diz oynağının əzilməsi, Elgiz Abbasov sağ diz nahiyəsinin əzilməsi və sınığı, Zaur Hacı-Məhərrəmov isə burun nahiyəsində küt travma diaqnozu ilə xəstəxanamıza yerləşdirilib".

Həkim digər xəstələrə ilkin tibbi müdaxilələr olunduğunu diqqətə çatdırıb: "Vəziyyətləri sabitdir, stasionara yatırılıblar".

***13:23

Xəbər verdiyimiz kimi, Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qəzaya düşüblər.

"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, qəzada ağır xəsarətlər alan Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev Türkiyəyə aparılır.

PFL rəsmilərinin qardaş ölkədə əməliyyat ediləcəyi gözlənilir.

Qeyd edək ki, qəzaya düşənlər arasında, həmçinin PFL əməkdaşları - Sənan Abdullayev, Rasim Qafarlı, Elgiz Abbasov, Zaur Hacıməhərrəmov da var. Onların müalicəsi Bakıdakı özəl xəstəxanalardan birində aparılır.