Yoxlama dalğası “İdeal” mağazalar şəbəkəsini də vuracaqmı?
Ətriyyat bazarındakı genişmiqyaslı təftişin nəticələri indidən maraq doğurur
Dünən verilən məlumata görə, Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) parfümeriya məhsulları bazarında yaxın vaxtlarda geniş araşdırmalar aparmağa hazırlaşır.
Dövlət Komitəsi yanında Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanovun sözlərinə görə, yaxın vaxtlarda bəzi parfümeriya şəbəkələrində araşdırma aparılacaq və onun nəticələri ictimaiyyətə açıqlanacaq: “Bu gün həmin sahədə ciddi nəzarət aparılır. Bu günlərdə özünüz də şahid olacaqsınız ki, mətbuatın iştirakı ilə bu şəbəkədə geniş reydlər keçiriləcək və bu reydlərin nəticəsi ictimaiyyətə çatdırılacaq”.
Ə.İmanov bildirib ki, araşdırmaların nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək: “Əgər standartın tələblərinə cavab verməyən məhsullar varsa, ilk növbədə onların satışına qadağa qoyulacaq və onlar utilizasiya ediləcək və buna yol verən müəssisələr İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq ciddi cərimələnəcək. Lazım gələrsə bununla bağlı inzibati orqanlara müraciət ediləcək”.
Qeyd edək ki, son vaxtlar ayrı-ayrı ətriyyat mağazaları, xüsusən “İdeal” mağazalar şəbəkəsində satılan ətriyyatların qiymət və keyfiyyət göstəriciləri ilə bağlı tənqidi yazılar dərc edilir.
Mətbuatın iddialarına görə, “İdeal” nə qədər ətirləri birbaşa Fransadan gətirdiyini iddia eləsə də, əldə etdiyimiz məlumatlara görə, idxalın ünvanı Dubaydır. Dubayda “Lanvin” ətirinin 50 ml-lıq həcmdə olanı 6 dollardır. “İdeal”da həmin ətiri 30 manata belə almaq mümkün deyil. “İdeal” da 100 ml-si 169 manat təşkil edən “Escenrtric Molecules” şirkətinə məxsus “Molecule 01” ətri digər dükanlarda 50 manat, Dubayda isə cəmi-cümlətanı 45 dollardır .
Bildirilir ki, bu gün “İdeal” parfümeriya mağazalar şəbəkəsi məhsullarının satışını təkcə nəğd ödəmə ilə deyil, bank vasitəsilə, yəni kreditlə də həyata keçirir. Alıcı təkcə baha qiymətə məhsul almır, üstəlik, bunun üçün banka yüksək faiz də ödəyir. Baxmayaraq ki, “Bank of Baku”nun kredit şərtlərində faizləri 0 kimi göstərir. Lakin gəlin, bir düşünək, hansı bank komissiya tələb etmədən, 36 aylıq kredit kartı açar? Xüsusilə söhbət “Bank of Baku”dan gedirsə, bu, heç inandırıcı deyil.
Bir qədər əvvəl isə sosial şəbəkələrdən birində Zaur Mustafayev adlı şəxs mart ayının 20-də “İdeal”da necə aldadıldığını statuslara daşıdı. Məlum oldu ki, “Hugo Boss Pure” ətiri adı ilə ona “after shave” satıblar. Z.Mustafayev məsələ ilə bağlı dəfələrlə mağaza və şəbəkənin menecerləri ilə əlaqə saxlasa da, ona soyuqqanlı şəkildə məhsulun üzərində təyinatının nə olduğunun yazıldığı bildirilib. Nəzərə alsaq ki, “İdeal”da məhsulların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərdədir, göründüyü kimi, şirkət məsuliyyəti üzərindən atıb. Bunu görən müştəri İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edib. Müraciətdən dərhal sonra “İdeal” parfümeriya mağazalarının direktoru İlqar Dadaşov Z.Mustafayevlə birbaşa əlaqə saxlayıb. Və özünün iştirakı ilə “after shave”-nin ətirlə dəyişdirilməsini təmin edib. Hələ bir işçilərini danlayaraq şikayətçiyə hədiyyələr verib. Əslində ilk baxışdan “pozitiv addım” kimi görünən bu olay “İdeal” kimi böyük dövriyyəsi olan şəbəkə üçün biznes uğursuzluğu, müştərinin aldadılmaqdan sığortalanmaması deməkdir.
Eyni zamanda ətriyyat bazarındakı digər mağazalarda - “Sabina”, “Parfüm de Franse”də də alıcıların qiymət və keyfiyyət sarıdan aldadıldığına dair KİV-də araşdırma yazıları oxumaq olar.
Bütün bunlardan sonra şübhəsiz ki, ətriyyat bazarında başlanacaq geniş miqyaslı təftiş və onun nəticələri indidən maraq doğurur. Yoxlama dalğasının həmin mağazaları “vurub-vurmayacağını” demək çətin olsa da, hər halda bu mağazaların təftiş edilməsi ilk növbədə onların özləri üçün əhəmiyyətlidir. Çünki yoxlamanın nəticələri mətbuatın bu mağazalar haqqında irad və tənqidlərində haqlı olub-olmadığı məsələsinə birdəfəlik nöqtə qoya bilər.
Günel Əkbər
Digər Xəbərlər
2025-02-28 19:38:34

2025-02-28 18:54:26

2025-02-28 16:24:23

2025-02-28 13:27:55

2025-02-28 13:25:23

2025-02-28 11:34:17

2025-02-28 11:29:35

2025-02-28 11:00:05
_1739542811.jpeg)
2025-02-27 20:07:00

2025-02-27 20:01:22

2025-02-27 18:44:40

2025-02-27 17:29:09

2025-02-27 17:16:34

2025-02-27 17:04:38

2025-02-27 16:32:32

2025-02-27 14:53:50

2025-02-27 14:52:52

2025-02-27 13:23:33
