Qırğızıstan prezidenti Sadır Japarov ölkənin dövlət bayrağının dəyişdirilməsi haqqında qanun imzalayıb.

"Unikal" xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Qırğız Respublikasının Prezidenti Sadır Japarov qanunu imzalayıb. “Qırğızıstan Respublikasının dövlət rəmzləri haqqında” Qırğızıstan Respublikasının qanununa dəyişikliklər edilməsi haqqında” qanun Joqorku Keneş (parlament) tərəfindən qəbul edilib.”, - deyə mətbuat nümayəndəsi bildirib.

Yeniliyə əsasən, tunduk (yurtun üstü) ətrafındakı bayraq üzərində yerləşən dalğavari şüalar düzləşəcək. Qanun layihəsinin təşəbbüskarları iddia edirlər ki, bir çox insanlar dalğavari şüaları ölkənin əsas kənd təsərrüfatı bitkisi olmayan günəbaxanlarla əlaqələndirirlər, düz şüalar isə günəşə daha çox bənzəyir.

Bildirilib ki, bayraq üzərində günəş şüalarının yeni eskizini hazırlamaq üçün riyazi hesablamalar, rəsmlər və bununla bağlı işlər aparan müəlliflər cəlb olunub.

Dekabrın 20-də Qırğızıstan parlamentinin deputatları respublikanın dövlət bayrağının dizaynının qismən dəyişdirilməsi təklifini təsdiqləyiblər .