Fransanın şərqində terror aktı hazırlamaqda şübhəli bilinən 5 nəfər saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə L'Est Republicain qəzeti məlumat yayıb.

Həbslər cümə günü günortadan sonra Meurthe-et-Moselle departamentinin üç kommunasında eyni vaxtda həyata keçirilib. Nəşrin məlumatına görə, saxlanılanlar üçüncü şəxslərin sağlamlığına və ya həyatına qəsd etmək məqsədi ilə “bir və ya bir neçə cinayət hazırlamaq məqsədi ilə cinayətkar terror qruplaşması yaratmaqda” şübhəli bilinirlər.

İstintaq Milli Antiterror Prokurorluğuna həvalə edilib. Qəzetin mənbəsi bildirib ki, şübhəlilərin planları ilə bağlı təfərrüatları hələlik dəqiqləşdirmək mümkün deyil. Profilaktika məqsədilə 5 nəfərin hamısının həbsinə qərar verilib.

Bundan əvvəl Fransanın daxili işlər naziri Gerald Darmanin bölgə prefektelərini katolik Milad və Yeni il bayramlarının yaxınlaşması fonunda son dərəcə ayıq olmağa çağırıb. Onlara insanların sıx toplaşdığı yerlərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi tapşırılıb. Nazir həmçinin bildirib ki, terror təhlükəsi səviyyəsi yüksək olaraq qalır.