Qərbin ikibaşlı oyunu
20:38 24-04-2013
İQTİSADİYYAT
Qərbin ikibaşlı oyunu
Azərbaycan əks addımını atdı
Artıq üç aydır ki, istər qərbin, istərsə də ABŞ-in bir sıra rəsmiləri sistemli şəkildə Bakıya səfər etməkdədilər. Sonuncu belə səfər bir neçə gün öncə ABŞ dövlət katibinin müavini tərəfindən edildi və bir sıra prinsipial məsələlər müzakirə olundu. Aydın oldu ki, bu gün qərb və ABŞ bir tərəfdən Azərbaycana hansısa təzyiqləri etməyə çalışır, digər tərəfdən isə enerji sahəsində əməkdaşlığı dərinləşdirməyə çalışırlar. İndi isə ölkəyə Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti və genişləndirmə komissarı Ştefan Fülenin səfərinin tarixi açıqlanıb.
AB-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Rolan Kobia AB rəsmisinin Bakıya mayın 2-də səfər edəcəyini bildirib.
Ş. Füle səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə görüşəcək, görüşlərdə Azərbaycan və AB arasında əməkdaşlığın bütün spektrləri müzakirə olunacaq.
R. Kobia daha bir AB rəsmisinin - enerji üzrə komissar Günter Ottingerin isə Azərbaycana iyun ayında səfər edəcəyini açıqlayıb.
R. Kobia bildirib ki, enerji və alternativ enerji mənbələri məsələsi AB-Azərbaycan əməkdaşlığının prioritetlərindən biridir. O qeyd edib ki, Azərbaycan böyük həcmdə potensial alternativ enerji mənbələrinə (külək, günəş, hidro və hidrotermal mənbələr) malikdir: "Avropa Birliyi tvinninq proqramları, müvafiq layihələrə qrant ayırmaq, İNOGATE kimi regional proqramları maliyyələşdirmək və ölkə büdcəsinə dəstək xarakterli proqramla həyata keçirməklə ölkədə alternativ enerji mənbələrinin inkişafını dəstəkləyir". Amma deyəsən bu dəfə məsələ yalnız enerji sahəsində ki, əməkdaşlıqla sona çatmayacaq. Çünki qısa müddət ərzində Azərbaycanla qərb arasında ciddi fikir ayrılıqları yaranıb və bu get-gedə böyüyür. Belə ki, Azərbaycan açıq şəkildə qərbi onun daxili işlərinə qarışmaqda ittiham edir və bir neçə beynəlxalq təşkilatın fəaliyyətinə xitam verməyə hazırlıq görür. Bunun isə başlıca səbəblərindən biri budur ki, hazırda qərbdə belə bir rəy yaradılıb ki, Ermənistanda artıq demokratik dəyərlər formalaşdırılır, Azərbaycanda isə ciddi problemlər qalır. Bu səbəbdən də təklif edilib ki, artıq Ermənistana qoyulan monitorinq nəzarəti ləğv edilsin və bunun əvəzində Azərbaycana nəzarət artırılsın. Bu isə sözsüz ki, Azərbaycan dövlətçiliyi üçün ağır zərbədir. Çünki Ermənistan üzərindən monitorinq götürüləndən sonra bu ölkənin Azərbaycana qarşı iddiaları daha da ağırlaşdırılacaq və buda Dağlıq Qarabağ probleminin həllinə mənfi təsir edəcək. Ekspertlər bildirir ki, son bir neçə ay ərzində təzyiqlərin bu qədər artmasının əsas səbəblərindən biri də Xankəndi hava limanının istifadəyə verilməsi ilə bağlıdır. Qeyd edək ki, Azərbaycan hazırda hava limanının istifadəyə verilməsi ilə razı deyil. Qərb isə bu gün münasibətləri gərginləşdirir ki, sabah yenidən köhnə status-kvonu bərpa etsin və bunun qarşılığında Azərbaycan hava limanından Ermənistanın istifadəsinə icazə versin. Amma Azərbaycanın bu günlərdə atdığı addım qərbi narahat etdi. Belə ki, Azərbaycan İsraillə münasibətləri daha da dərinləşdirərək bu ölkəyə neft satmağı planlaşdırır. Bu isə o deməkdir ki, qərbə daha az neft göndəriləcək. Hazırda nəzərdə tutulan səfərdə də əsas məqsəd bu problemi həll etməkdir. Çünki İsraillə Azərbaycan bu razılaşmaya nail olarsa ümumilikdə regionda siyasi vəziyyət dəyişə bilər. Qərb isə Rusiya aslılığını azaltdığı bir zamanda Azərbaycanla problemlər yaşamaq istəmir. Buna görə hesab edilir ki, son səfər zamanı bir sıra prinsipial məsələlər, o cümlədən 6 ay sonra Azərbaycanda keçiriləcək prezident seçkiləri ciddi şəkildə müzakirə olunacaq.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00