Bu gün Mərkəzi Bankın sədri Taleh Kazımovun qərarı ilə, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxslərə, eləcə də, hər obyektə görə nizamnamə kapitalının minimum həddi müəyyən edilib.
Belə ki, valyuta mübadiləsi fəaliyyəti üçün kapital tələbi I bölgədə (Bakı) 600 min manat, hər əlavə obyektə görə 300 min manat, II bölgədə (Abşeron, Sumqayıt və Gəncə) 450 min manat, hər əlavə obyektə görə 150 min manat, III bölgədə (I, II və IV bölgələr istisna olmaqla, həmçinin Naxçıvan MR) 375 min manat, hər əlavə obyektə görə 75 min manat, IV bölgədə (Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının işğaldan azad edilmiş əraziləri) 300 min manat, hər əlavə obyektə görə 0 manatdır.
Bundan başqa, valyuta mübadiləsi fəaliyyətinə lisenziya və ya onun əlavəsini almaq istəyən şəxs müvəkkil bankda minimum nizamnamə (şərikli) kapitalının 10%-i məbləğində girov vəsaiti yerləşdirməlidir.
Bəs görəsən, yeni qaydalar valyuta mübadiləsi məntəqələrinin və "qara bazar"ın fəaliyyətinə necə təsir edəcək?
Məsələ ilə bağlı “Unikal”a açıqlama verən maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, bu qərarla valyuta dəyişmə məntəqələrinə tələblər daha da sərtləşdirilir:
“Mən hesab edirəm ki, Azərbaycanda valyuta dəyişmə məntəqələrinə ehtiyac yoxdur, çünki banklar var. Bankların çox sayda filialları da var. Valyuta mübadiləsi etmək istəyən şəxs banklara üz tuta bilər.
Həmçinin, dünyanın digər aparıcı ölkələrində də valyuta mübadiləsi məntəqələri yoxdur. Onu da vurğulamaq vacibdir ki, son zamanlar nağdsız ödənişlərin həcmi artıb. Bu baxımdan, onsuz da ciddi bir təlabat yoxdur.
Valyuta mübadiləsi məntəqələri ilə bağlı yeni qaydaların “qara bazar”a hər hansı təsir edəcəyini düşünmürəm. Ona görə ki, valyuta mübadiləsini onsuz da əsasən banklar həyata keçirir. Əgər banklar da valyuta mübadiləsini dayandırsalar, o zaman “qara bazar”a təlabat yaranar”.
Ekspert valyuta mübadiləsi məntəqələrində baş verə biləcək risklərdən də danışıb:
“Valyuta mübadiləsi məntəqələrinə tələblərin sərtləşdirilməyini əsaslı hesab edirəm. Misal üçün, getdik, küçədə kimdənsə valyuta aldıq. O, bizə saxta pul verə və qaça bilər. Bəs biz pulumuzu kimdən alacayıq?
Lazımdır ki, bu valyuta mübadiləsi məntəqələri ciddi fəalliyət göstərsin. Onların özlərinin də pulu, yəni ilkin kapitalı olmalıdır. Hər yerindən duran bu fəalliyətlə məşğul olmamalıdır.
Düşünürəm ki, yeni sərt tələblərin müqabilində insanlar bununla məşğul olmaq arzusunda olmayacaqlar. Onsuz da, sözügedən bazarda qızğın “alver” getmir”, - deyə o bildirib.
Murad İbrahimli