Dekabrın 26-27-də Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək. Sammitdə Azərbaycan lideri İlham Əliyevin də iştirakı nəzərdə tutulub.
Ermənistanın baş naziri Nikol Paşinyan da Avrasiya İqtisadi İttifaqının sammiti və MDB liderlərinin qeyri-rəsmi görüşü üçün artıq Sankt-Peterburqa gedib.
Sankt-Peterburqda Azərbaycan və Ermənistan dövlət başçılarının görüşünün keçiriləcəyi də ehtimal olunur.
Məsələ ilə bağlı “Unikal”a açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutacaq:
“Rusiyanın təkidləri öz nəticəsini verir. Paşinyan artıq öz boykot siyasətini demək olar ki, dayandırır. O, Avrasiya İqtisadi İttifaqının toplantısına qatılır. Həmçinin, Sankt-Peterburqda MDB dövlət başçılarının görüşü keçiriləcək. Bunlar hamısı Rusiyanın düzüb-qoşmasıdır.
Çox güman ki, orada Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Mən bu görüşün sülh prosesinə hansı töhfələr verə biləcəyini deməkdə çətinlik çəkirəm. Sülh prosesi xeyli irəliləyib və sülh müaviləsinin bəzi hissələri demək olar ki, razılaşdırılıb. Qeyd edtmək lazımdır ki, bu proseslərdə Brüssel görüşlərinin rolu böyükdür.
Görüşdən sonra Rusiyanın təkliflərinin nədən ibarət olduğunu öyrənə biləcəyik. Ümumiyyətlə, sülh prosesində digər dövlətlərin öz siyasi maraqlarına uyğun hərəkət etmələri və qazanın yağlı tərəfini özlərinə doğru çəkmələri heç də ürəkaçan deyil.
Xalqlar sülh yaratmaq üçün can atırlar, əziyyət çəkirlər. Bunlar isə sülh prosesindən istifadə edərək öz siyası maraqlarını reallaşdırmağa çalışırlar.
Görüşdən sonra hər şeyi daha aydın və açıq faktlarla dəyərləndirmək mümkün olacaq”, - deyə o qeyd edib.
Murad İbrahimli