Azərbaycan prezidenti İlham Əliyev Belarus dövlətinin başçısı Aleksandr Lukaşenkonu Bakıya səfərə dəvət edib.
"Unikal" xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.
"Biz Azərbaycanda gözləyirik", - İlham Əliyev Belaruslu həmkarını Azərbaycana dəvət edərək deyib.
Azərbaycan və Belarus liderlərinin görüşü MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşündə iştirak etmək üçün Sankt-Peterburqda baş tutub.
Dekabrın 24-də Lukaşenko və İlham Əliyev telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi və dövlətlərarası birliklər çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.
Sankt-Peterburq görüşündən sonra Belarus liderinin mətbuat xidməti xəbər verib ki, dövlət başçıları Lukaşenkonun Azərbaycana qarşıdakı səfərini müzakirə ediblər. Həmçinin hökumətlərarası komissiyanın məsul şəxsləri və iki ölkənin hökumətləri arasında sənaye, kənd təsərrüfatı, tikinti və hərbi-sənaye kompleksi sahələrində birgə əməkdaşlıq layihələri də daxil olmaqla, gələcək illər üçün birgə iş planı hazırlaması barədə razılığa gəliblər. Onlar həmçinin Minskin “Qarabağda infrastruktur obyektlərinin modernləşdirilməsi və tikintisində iştirak etmək” təklifini müzakirə ediblər.
Beynəlxalq gündəm də müzakirə edilib və Azərbaycan lideri belaruslu həmkarını Qafqazdakı vəziyyətlə bağlı ətraflı məlumatlandırıb.