Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov xarici mətbuata müsahibəsində Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh sazişindəki beş prinsipi açıqlayıb. Həmin prinsiplər bunlardır:
“Bir-birinin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, indi və gələcəkdə bir-birlərinə qarşı hər hansı ərazi iddialarının və ziddiyyət təşkil edən hər hansı aktların rədd edilməsi, gücdən istifadə və ya güc tətbiq etmək hədəsi kimi BMT nizamnaməsinə zidd olan hər hansı hərəkətləri rədd etmək, eyni zamanda Ermənistan və Azərbaycan arasında heç vaxt edilməmiş sərhədin delimitasiyası və nəhayət, Ermənistanla Azərbaycan arasında kommunikasiya yollarının və əlaqələrin açılması”.
Məsələ ilə bağlı “Unikal”a açıqlama verən deputat Aydın Mirzəzadə bildirib ki, Ermənistan bu prinsipin heç birini rədd etmir:
“Çox çətinliklə də olsa, etiraf edirlər ki, bunlar qəbulediləndir. Bununla belə, onlar bu 5 prinsipə beynəlxalq hüquq normalarına uyğun olmayan və yaxud Azərbaycanın suverenliyini məhdudlaşdıran başqa prinsiplər də əlavə etmək istəyirlər. Buna görə də, sülh müqaviləsinin imzalanması çətinləşir.
Son günlər həm Azərbaycan, həm də Ermənistan tərəfindən verilən bəyanatlar onu göstərir ki, tərəflər sülh müqaviləsi imzalamağa yaxındırlar. Düzdür, müəyyən məsələlər var ki, onların həlli uzun zaman və gərgin iş tələb edir".
Deputat qeyd edib ki, tərəflər öz təkliflərini bir-birilərinə göndərirlər:
"Azərbaycan Ermənistanın təkliflərinə cavab verib və qarşı tərəfin geri cavabını gözləyir. Hesab edirəm ki, tərəflər sülh əldə etməyə doğru addımlayırlar.
Əgər onlar bu sülh müqaviləsinin ilk növbədə Ermənistanın maraqlarına cavab verdiyini dərk edərlərsə, saziş tezliklə imzalana bilər. Azərbaycan sülh müqaviləsinin imzalanması üçün bütün səylərini göstərir. Artıq Ermənistan razılaşıb ki, sərhədlərin delimitasiyası və demarkasiyası sülh müqaviləsindən sonra yaradılacaq komissiyanın işi ilə həll edilsin. Bunun özü də, ciddi nəticə hesab olunmalıdır.
Digər məsələlər də gec-tez öz həllini tapacaq. Sülhdən başqa çıxış yolu yoxdur. Sülhün əldə edilməsi üçün Azərbaycan dövləti tərəfindən bütün zəruri addımlar atılır”, - deyə o bildirib.
Murad İbrahimli