Aydın Bəşirovun oğlundan narazılıqlar var
19:09 25-04-2013
İQTİSADİYYAT
Aydın Bəşirovun oğlundan narazılıqlar var
Oğul Bəşirovun haqsızlığından işçilər zara gəliblər, onlar artıq yuxarılara şikayətə hazırlaşırlar
Bir müddət əvvəl ölkə başçısı keçirdiyi müşavirədə məmur övladları ilə bağlı sərt xəbərdarlıq etmişdi. Görünür, bəzi məmurlar və onların övladları dövlət rəhbərinin həmin xəbərdarlığını unudublar, ona görə də prezidentin söylədiklərini bir daha xatırlatmaq vacibdir.
Ölkə başçısı demişdi: ““Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”.
Prezidentin bu çıxışından sonra məlumat gəldi ki, bəzi məmurlar özlərinin “dəcəl” övladları üzərində nəzarəti artırıblar, onlara ehtiyatlı olmağa, danışıq və davranışlarına xüsusi diqqət yetirməyi tapşırıblar.
Amma görünən odur ki, bəzi iri məmur övladları hələ də vətəndaşlarda narazılıqlar yaratmaqdadırlar. Məsələn, Xəzər Dəniz Gəmiçilik İdarəsinin (XDGİ) rəisi Aydın Bəşirovun oğlu ilə işçiləri arasında narazılıq olduğuna dair iddialar ortaya çıxıb.
Həmin iddialarda bildirilir ki, Aydın Bəşirovun oğlu İlqar Bəşirov zəngin adamlar sırasına daxil edilir. Məlumatlara görə, üzdə görünməyi çox sevməyən Oğul Bəşirov atası kimi gəmiçilik sahəsində çalışır. İlqar Bəşirova məxsus xeyli yükdaşıma gəmilərinin olduğu və onlardan əsasən neftdaşımada istifadə olunduğu bildirilir.
Ən maraqlısı isə odur ki, Aydın Bəşirov rəhbərlik etdiyi idarənin balansındakı bütün gəmilərin təmirini oğluna tapşırır. Bu isə yetərincə böyük həcmdə pullar üzərində nəzarət imkanı deməkdir.
İlqar Bəşirov haqqında iddiaya görə, əmək hüquqlarının qorunmasından və maaşlarının azlığından gileylənən işçilərə qarşı həqarətli davrandığı barədə məlumatlar var. Və artıq bir çox işçilərin bu durumdan bezdikləri, ya işlərini tərk, ya da yuxarılara şikayət etməyə hazırlaşdıqları vurğulanır.
Qeyd edək ki, Aydın Bəşirovun özündən də işçilərin ciddi narazılığı var. O, tabeçiliyindəki şəxslərə qarşı kobud və qəzəbli münasibəti ilə seçilir. Hələ iki il əvvəl Bakı Dəniz Limanının fəhlələri bundan bezərək məsələni ictimailəşdirmiş, etiraz aksiyası keçirmək qərarına belə gəlmişdilər. Onlar Xəzər Dəniz Gəmiçiliyinin rəhbəri Aydın Bəşirovun özəl limanında qanunsuz olaraq işlədilmələrinə etiraz edirdilər. Etiraz səsini qaldıran
fəhlələr isə A.Bəşirovun adamları tərəfindən hədələnirdilər. Limanın 300-ə yaxın işçisi o vaxt mətbuata müraciətlərində Bəşirovun qanunsuz hərəkətlərindən narazılıqlarını bildirmişdilər: “Aydın Bəşirov 2-3 ildə limançıların başına min cür oyun açıb. O, müəssisəmizdə gərginlik yaradır, bütün işlərimizə müdaxilə edir, rəhbərliyi və bizi təhqir edir, limanın iş ahəngini pozur...”
Bu cür hallar gəmiçilik sahəsində çalışanlar üçün artıq adi hala çevrilib. Odur ki, əksər işçilər Bəşirovun işdən azad edilməsini, onun özünün və yaxın adamlarının zülmündən xilas olacaqları günü səbirsizliklə gözləyirlər.
Maraqlı burasıdır ki, ölkə başçısı yalnız məmur övladlarını deyil, məmurların özlərini də özlərinə çəki-düzən verməyə dəvət etmişdi. Bildirmişdi ki, vətəndaşları incidən, onları narazı salan hərəkətlərə yol verən məmurlar da cəzalandırılacaqlar. Amma bu xəbərdarlıqdan sonra da “gəmiçilik şefi”nin öz işçiləri ilə münasibətində hər hansı dəyişiklik müşahidə edilmədiyi bildirilir.
Bu isə belə davam edərsə, həm adıçəkilən məmurun özü, həm də oğlu üçün yaxşı heç bir perspektiv vəd etmir.
Seymur Quliyev
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40