"Düşünürəm ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyada Azərbaycan Prezidenti ilə normal polemika apardı. Belə bir görüntü sərgiləndi ki, iki tərəfin də heç bir vasitəçiyə ehtiyacı yoxdur. İkilikdə də bu məsələ həll edilə bilər".
Bunu "Unikal"a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, yanvarda Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü planlaşdırılıb:
"Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın danışıqları ciddi mesaj idi ki, biz artıq bir-birimizi başa düşürük. Aramızda normal münasibətlər bərqərar olub. Üstəlik sülh müqaviləsi ilə bağlı istənilən məsələni birlikdə müzakirə edib, çözə bilərik. Bu istiqamətdə lazım olan addımların atılması davam edəcək. Ola bilsin bu Qərbə və Rusiyaya mesaj idi ki, özümüz bir-birimizi yaxşı başa düşürük, bu istiqamətdə işləri aparmaq fikrindəyik".
Q.Hüseynli xatırladıb ki, qarşıdan prezident seçkiləri gəlir və həmin müddətə qədər sülh müqaviləsinin imzalanması çətin görünür: "Amma 2024-cü ilin birinci yarısında sülh müqaviləsinin imzalanması real görünür. Vaşinqtonun da bu prosesdə təşəbbüsü ələ aldığı görünməkdədir. Rusiyanın proseslərdən uzaqlaşdırılması üçün lazım olan basqılar həyata keçirilir. Güman edirəm ki, gələn ilin birinci yarısında, mart-aprel aylarında sülh müqaviləsi imzalana bilər".
Qeyd edək ki, Rusiyanın Sankt-Peterburq şəhərində MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla ayaqüstü söhbəti olub. Söhbət əsnasında Azərbaycan-Ermənistan sülh gündəliyi müzakirə edilib.
Anar Kəlbiyev