Səfər Əbiyevin nazirliyinə qarşı ağır suçlama
19:10 25-04-2013
İQTİSADİYYAT
Səfər Əbiyevin nazirliyinə qarşı ağır suçlama
Müdafiə Nazirliyinin Sumqayıtda qeyri-adi torpaq əməliyyatı
Müdafiə naziri Səfər Əbiyev Sumqayıtda onlarla müəllimi torpaqsız qoymaqda ittiham edilir. Həmin müəllimlərin sözlərinə görə, onların hər birinin hasara alınmış torpaqlarının qanuni sənədi var. Amma buna baxmayaraq, Müdafiə Nazirliyi bu torpaqları onların əlindən qanunsuz şəkildə alıb.
Belə ki, təxminən 5-6 il əvvəl qəflətən torpaq sahiblərinin üstünə gəliblər ki, bu sahələr dövlət əhəmiyyətli obyekt üçün ayrılıb. Sonradan həmin ərazini hasara alıblar.
Məlumata görə, torpaqları əllərindən alınan müəllimlərin sayı 30-dan çoxdur. Müəllimlərin dövlət tərəfindən onlara Yaşma ərazisində bağçılıq təsərrüfatı üçün ayrılmış torpaq sahələri əllərindən alınıb. İndi müəllimlər ya torpaq sahələrinin, ya da həmin torpaqların əvəzinin ödənilməsini tələb edirlər.
Araşdırmalarımıza görə, həmin torpaq sahələri Bakı-Rostov yolu boyunca kollektiv bağçılıq təsərrüfatını inkişaf etdirmək üçün verilib. Ümumilikdə 750 hektar olan sahənin 72.76 hektarı Sumqayıt şəhər İcraiyyə Komitəsinin 22 iyun 1989-cu il tarixli qərarı ilə Sumqayıt
şəhər Təhsil şöbəsinə ayrılıb. Bu torpaqlar xüsusi komissiyanın qərarı ilə hər birinə 6 sot olmaqla 1000 nəfərdən çox təhsil işçilərinin istifadəsinə verilib. 1980-ci illərin sonlarında ölkədə baş verən hadisələr, təhsil işçilərinin maddi vəziyyətinin ağır olması, sahənin infrastrukturunun inkişafdan geri qalması bağçılıq təsərrüfatından istifadəni zəiflətmişdi. 1990-cı illərin sonundan isə bağçılıq sahələrinə işçilərin öz hesabına su çəkildi, yol salındı, bir çox sahələr yaşıllaşdırıldı, bəzi sahələrdə isə bağ evləri tikildi. Bağçılıq təsərrüfatının bütün üzvləri 2001-ci ildən 2008-ci ilədək bələdiyyə idarəsinə dövlət rüsumları da ödəyiblər.
2010-cu ilin may ayında Yaşma bağçılıq təsərrüfatının ərazisində, torpaq sahiblərinə xəbərdarlıq edilmədən Müdafiə Nazirliyinin hərbi hissəsi yaradılıb. Sumqayıt şəhərində yaşayan və işləyən 39 müəllimin haqqı pozulub. Onların bağçılıq təsərrüfatına ayrılan torpaq sahələri Yaşma “N” saylı hərbi hissəsi tərəfindən zəbt edilib: Yaşma “N” saylı hərbi hissənin hərbiçiləri bağ sahiblərini öz sahələrinə buraxmırlar. Hökumət tərəfindən bu bağ sahələri bizə vəziyyətimizi yaxşılaşdırmaq üçün ömürlük istifadəyə verilmişdi. İndi müəllimlər torpaq sahələrinin özlərinə qaytarılmasını tələb edirlər.
Müəllimlər torpaq sahələrinin qaytarılması, ya da həmin sahələrin əvəzinin onlara verilməsi üçün aidiyyəti orqanlara müraciət etdiklərini, ancaq cavab almadıqlarını bildirirlər. Müdafiə Nazirliyinə, bələdiyyə sədrinə, Həmkarlar İttifaqının sədrinə, icra başçısına və başqa idarələrə dəfələrlə şikayətlər yazılıb, aidiyyatı
qurumlara gedib-gəlməkdən əməlli-başlı yorulublar. Yazdıqları şikayət məktublarının qəbzləri də onlarda var, ancaq 5 ildir ki, həmin məktublara heç bir cavab vermirlər.
Müəllimlər məktublarına cavab almadıqlarına görə məhkəməyə də müraciət edə bilmirlər. Çünki gərək aidiyyatı qurumdan cavab alsınlar ki, həmin cavabdan da məhkəməyə müraciət edə bilsinlər.
Doğrudur, Müdafiə Nazirliyinin mətbuat xidməti isə ittihamlarla razılaşmır. Nazirlik rəsmiləri hesab edirlər ki, qurum qanundankənar heç bir addım atmayıb. Müəllimlərin onlara qayda-qanunla verilən torpaqlarının əllərindən alınması da qanunsuzluq deyilsə, bəs görəsən, nədir?
Hüquqşünaslar isə bu vəziyyətdə torpaqlarının zəbt olunduğunu iddia edənlərə həmin iddiaları hüquqi müstəviyə çıxarmağı məsləhət görür. Çünki müəllimlər özləri də bildirirlər ki, 5 il ərzində müxtəlif qurumlara çoxsaylı məktublar göndəriblər və cavab almayıblar. Məktubların göndərildiyini təsdiqləyən qəbzlər varsa, məhkəməyə müraciət etmək üçün bu da kifayət edir. Məktuba cavab gözləməyə ehtiyac qalmır. Ərizə yazmalı, vaxtilə onlara bağ sahələrinin ayrılmasını təsdiqləyən sənədləri, bağ sahələri Nazirlər Kabinetinin hansı qərarına əsasən verilibsə, həmin qərarı və 5 ildə rəsmi qurumlara yazdıqları məktubların qəbzlərini ərizəyə əlavə edib məhkəməyə təqdim etməlidirlər.
Əlbəttə, yaxşı olar ki, onlar iddialarını məhkəmədə kütləvi şəkildə qaldırsınlar. Bu zaman iddialarının təmin olunması daha realdır.
Digər tərəfdənsə, istər-istəməz sual meydana çıxır: görəsən, seçki ilində bu qədər insanı narazı salmaq nəyə və kimə lazımdır?
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55