Bu gündən əmanətlərə iki halda vergi güzəşti tətbiq olunacaq.
"Unikal" xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Vergi Məcəlləsinə əsasən, 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində yerli bank və xarici bankın Azərbaycandakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirləri gəlir vergisindən azad olub və qeyd edilən bu müddət 2023-cü il 1 fevral tarixində bitib. Həmin tarixdən etibarən əmanətlər üzrə faiz gəlirlərindən banklar tərəfindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə verginin tutulması həyata keçirilir.
Qanuna əsasən, fiziki şəxslərin əmanətləri üzrə faiz gəlirlərinin onlara məxsus olan kapital gəlirləri olması nəzərə alınmaqla, faiz gəlirlərinin milli və ya xarici valyutada olmasından asılı olmayaraq, banklar tərəfindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq.
Bununla belə, fiziki şəxslərin hər bir bankda milli valyutada olan əmanətlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi gəlir vergisindən azad edilib.
Eyni zamanda, fiziki şəxslərin hər bir bankda milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə gəlir vergisindən azad edilib.
Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.