Təhsil şöbələri müdirlərinin müdhiş qorxusu
20:00 26-04-2013
İQTİSADİYYAT
Təhsil şöbələri müdirlərinin müdhiş qorxusu
Yeni nazir təyinatı bəzilərini əl-ayağa düşməyə məcbur edib
Misir Mərdanovun vəzifəsindən uzaqlaşdırılmasının ardından gerçəkləşən yeni təhsil naziri təyinatı bəzi rayon və şəhər təhsil şöbələri müdirlərini narahat etməyə başlayıb. Onlar vəzifələri ilə vidalaşacaqlarından və fəaliyyət dövrlərinin təftiş edilə biləcəyindən əndişələnirlər. Bu barədə redaksiyamıza məlumatlı mənbədən bildirilib.
Mənbənin dediyinə görə, təhsil şöbələrinin müdirlərini ən çox narahat edən məqamlardan biri isə yeni nazirin təqdimatında çıxış edən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərt çıxışı olub: "Bilirsiniz ki, Ramiz müəllim çıxışında məktəb direktorlarının, rayon təhsil şöbələrinin daha çox icra hakimiyyətlərindən asılı olmasını da tənqid edib. O bildirib ki, məktəb direktorları, təhsil şöbələrinin müdirləri Təhsil Nazirliyindən daha çox rayon icra hakimiyyətlərindən asılı vəziyyətdədirlər və bu vəziyyəti dəyişmək lazımdır. Bu da bəzi təhsil şöbəsi rəhbərlərini daha çox
narahat edir. Çünki onların himayədarları elə çalışdıqları rayonların icra başçılarıdır. Yerli icra hakimiyyətlərinin Təhsil Nazirliyinin səlahiyyətlərinə müdaxilə imkanları aradan qaldırılarsa, bu, bəzi təhsil şöbəsi müdirlərinin arxasız qalmasına və işdən uzaqlaşdırılmasının asanlaşmasına gətirib çıxaracaq".
Mənbə deyib ki, onları gözləyən təhlükənin real olduğunu bilən bəzi yerli "təhsil bossları" artıq başqa çıxış yolları axtarmaq məcburiyyəti hiss edirlər: "Onlar yeni təhsil nazirinin gözlənilən islahatlarının "qurban"ına çevrilməmək üçün çalışırlar, yeni təhsil nazirinə çıxış əldə edərək, özlərini tapşırtmaq istəyirlər. Əvvəllər özlərini icra hakimiyyətlərinin kölgəsində hiss edən belə təhsil şöbələri müdirlərinin indi belə imkanları əldən çıxdığına görə, daha ciddi yerlər vasitəsilə nazirliyin təzə rəhbərliyi ilə işləyə biləcəklərini düşünürlər".
Mənbəmiz təhsil sahəsində vəziyyətin çox acınacaqlı olduğu bir neçə rayonun təhsil şöbəsi müdirinin hər bir halda görəvindən alınmasını qaçılmaz sayır: "Məsələn, bir müddət əvvəl Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK - red.) 2011-2012-ci tədris ili üçün ali və orta ixtisas təhsili məktəblərinə keçirilən qəbul imtahanlarında builki məzunları aşağı nəticə göstərən rayon və şəhərlərin adlarını açıqladı. Məlum oldu ki, Qusar, Ağsu, Yardımlı, Hacıqabul, İmişli
rayonlarından olan məzunların nəticələri olduqca aşağıdır. İlkin ehtimallardan biri bu rayonların təhsilində dönüş yaratmaq üçün yerli təhsil şöbələrinin müdirlərinin görəvindən alınmasıdır. Bundan başqa, istər təhsilin səviyyəsi ilə bağlı göstəricilərin yetərincə yüksək olmadığı, istərsə də digər başqa neqativ halların yaşandığı, şikayətlərin çox gəldiyi bir neçə rayonunun, həmçinin Göyçay, Qazax, Şirvan, Biləsuvar rayonlarının təhsil şöbələrinin rəhbərliyində dəyişiklik qaçılmaz görünür".
Mənbəmiz daha bir fakta diqqət çəkdi: "Təxminən 2 ay əvvəl 2012-ci il ərzində Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə müraciətlərin sayı ilə bağlı statistika açıqlandı. Həmin statistikada rəsmi şəkildə bəyan edildi ki, Goranboy, Gədəbəy, Şəki, Qəbələ, Şamaxı, Lerik, Astara, Masallı, Beyləqan, Göygöl, rayonlarından digər rayonlara nisbətən daha çox şikayət daxil olub. Müraciətlərdə ümumi təhsil müəssisələrində tədris prosesinin təşkili, maddi-texniki təchizat sahəsindəki çatışmazlıqlar, idarəetmədə yol verilən nöqsanlar və digər məsələlər öz əksini tapıb. Güman etmək olar ki, Təhsil Nazirliyinin yeni rəhbərliyi yerli təhsil şöbələri müdirləri ilə bağlı qərar verərkən bu statistikanı da nəzərə alacaq. Yəni həmin rayonların bir çoxlarının təhsil sahəsində "yeni qan"a ehtiyac olduğu qərarına gələcək və hazırki təhsil şöbəsi müdirlərinə "əlvida" deyiləcək".
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00