"Son 10 gündə neftin dünya bazar qiymətində 6 faiz azalma qeydə alınıb. Ötən ayın 28-də 81 dollara təklif edilən Brent markalı neftin bir barelinin qiyməti 76 dollaradək azalıb".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Brent markalı neftin 1 barelinin 2022-ci ildə orta qiyməti 100.93 dollar olmuşdu:
"İlkin hesablamalara görə, bu rəqəm ötən il 82.56 dollar olub. Göründüyü kimi, neft bazarında qiymət tarazlığında ciddi dəyişiklik müşahidə edilir. Neftin dünya bazar qiyməti Azərbaycana daxil olan valyutanın həcmi baxımından vacibdir. Azərbaycan ixracatının təxminən 80 faizini neft və neft məhsulları təşkil edir. Bu baxımdan neftin qiyməti bir tərəfdən gəlirlərimiz, digər tərəfdən ölkəyə valyutanın daxil olması baxımından vacibdir. Bununla belə, hazırda qiymət 70 dollar üstündədir və bu o deməkdir ki, büdcədə nəzərdə tutulan qiymət ilə müqayisədə neftin qiyməti hələlik yüksəkdir. Praktik olaraq 60 dollardan üstün qiymət fiskal gəlirlərimizin formalaşmasında çətinlik yaratmayacaq. Neft ölkəyə valyuta daxil olmasına xüsusi təkan verdiyi üçün 2024-cü ildə ölkəyə daxil olan vəsaitin həcmi, eləcə də təbii balansımızın vəziyyəti birbaşa neftin dünya bazarının qiymətindən asılı olacaq".
Neftin qiymətinin manatın məzənnəsinə təsirlərinə gəldikdə, deputat qeyd edib ki, Mərkəzi Bank 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bu ildə də neft gəlirlərimizin manatın məzənnəsinə təsir edən əsas faktor olacağı vurğulayıb:
"Manatın məzənnəsi tədiyyə balansının vəziyyətindən, daha dəqiqi neftin qiymətindən asılıdır. Fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da aydındır ki, bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılıdır. Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda valyuta ehtiyatlarımızdan istifadə edilə bilər. Bu isə o deməkdir ki, neftin qiyməti kəskin azalacağı halda manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq".