Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bakının Sabunçu rayonu 21 saylı birləşmiş şəhər xəstəxanasının sabiq baş həkimi Rauf İsfəndiyarovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
"Unikal" xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
O cümlədən, İsfəndiyarovun 2017-ci ilin aprelindən 2018-ci ilin may ayına kimi adıçəkilən xəstəxananın baş həkimi vəzifəsini tutduğu məlum olub.
İş üzrə zərərçəkmiş qismində Səhiyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və müğənni Dəniz Əsədova tanınıb.
Dövlətə dəymiş ziyan 1 milyon 646 min manatdan çox, müğənni D.Əsədovaya dəymiş ziyan isə 527 min manat məbləğində qiymətləndirilir.
Məhkəmənin hazırlıq iclası yanvarın 25-də davam edəcək.
Qeyd edək ki, Rauf İsfəndiyarov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.3, 308.2, 311.3.2, 311.3.3, 320.1 və digər maddələri ilə ittiham olunub.