Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov yanvarın 15-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının rəhbəri Ouen Mörfi və missiyanın əsas heyətinin üzvü Dominik Houeli qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə Partiyadan məlumat verilib.
Bildirilib ki, qonaqları salamlayan YAP Sədrinin müavini Tahir Budaqov Azərbaycanın seçki təcrübəsi barədə ətraflı məlumat verib.
O, 2024-cü il fevralın yeddisində ölkəmizdə keçiriləcək prezident seçkilərinin azad, şəffaf və demokratik şəraitdə baş tutacağına əminliyini ifadə edib.
Görüş imkanının yaradılmasına görə təşəkkürünü bildirən missiyanın rəhbəri Ouen Mörfi ATƏT DTİHB missiyasının tərkibi və fəaliyyəti barədə məlumat verib. O, Azərbaycandakı seçki mühitini və təşviqat kampaniyalarının gedişatını öyrənmək məqsədilə seçkilərdə iştirak edən partiyalar və namizədlərlə görüşlər keçirdiklərini söyləyib.
YAP Sədrinin müavini Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlıq tədbirləri haqqında ümumi məlumat verərək istər partiyanın namizədinin qeydiyyatı üçün tələb olunan imzaların toplanması işində, istərsə də təşviqat kampaniyasında YAP fəallarının aktiv iştirak etdiklərini deyib. O, Azərbaycandakı şəffaf və ədalətli seçki mühitində bütün namizədlərə bərabər imkanların yaradıldığını diqqətə çatdırıb.
T.Budaqov ATƏT DTİHB missiyasının yekun hesabatının qərəzsiz, obyektiv olacağına ümidvar olduğunu bildirib və missiyanın fəaliyyətinə uğurlar arzulayıb.