Sumqayıt şəhərinin “BTZ” bağları adlanan yaşayış massivində bir ailənin 5 üzvünün dəm qazından zəhərlənməsi barədə daxil olmuş məlumat əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 2-si azyaşlı olmaqla 4 nəfər isə zəhərlənib. Zəhərlənən şəxslər ilkin tibbi yardım göstərilməklə xəstəxanaya yerləşdirilib, hazırda müalicələri davam etdirilir.
*** 18:23
Sumqayıt şəhərinin “BTZ” bağları adlanan yaşayış massivində bir ailənin 5 üzvünün zəhərlənməsi barədə Sumqayıt Tibb Mərkəzinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub.
TƏBİB-dən "Unikal"a bildirilib ki, onlardan bir nəfərin 1958-ci il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb.
İkisi böyük olmaqla - 1958, 1999-cu il (qadın cinsli) təvəllüdlü şəxslər karbon oksidin (dəm qazının) toksiki təsiri diaqnozu ilə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.
Eyni diaqnozla 2020, 2022-ci il təvəllüdlü azyaşlılar (qadın cinsli) isə Uşaq Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta ağır qiymətləndirilir.