Aİ Şurası Ermənistanda Aİ-nin müşahidə missiyasının genişləndirilməsini təsdiqləyib.

"Unikal" xəbər verir ki, bu barədə missiyanın mətbuat xidməti məlumat yayıb.

“Biz Aİ Şurasının Avropa İttifaqının missiyasının genişləndirilməsi ilə bağlı qərarını alqışlayırıq. Missiyanın postlarının artırılması Aİ-nin regionda sülh və təhlükəsizliyə sadiqliyini vurğulayır”, - mesajda deyilir.

Xatırladaq ki, 2023-cü il dekabrın 11-də Aİ ölkələrinin xarici işlər nazirləri Aİ-nin Ermənistandakı mülki missiyasının sayını 50 faiz artıraraq, 138 işçidən 209-a çatdırmaq qərarına gəliblər.

Aİ missiyasının rəhbəri Markus Ritter bildirib ki, Ermənistanda missiya əməkdaşlarının sayının artırılması Ermənistan-Azərbaycan sərhədində vəziyyətin monitorinqi üçün əlavə imkanlar yaradacaq.

Xatırladaq ki, 2023-cü ildə Fevralın 20-də Ermənistanda iki illik mandatla 100 nəfərlik yeni Avropa missiyası yerləşdirilib. Missiyanın məqsədi Ermənistanın sərhədyanı rayonlarında sabitliyə töhfə vermək, yerlərdə etimadın möhkəmləndirilməsi və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yönəlmiş səylər üçün əlverişli şəraitin təmin edilməsidir.

Missiyanın Cermuk, Qoris, Kapan, Martuni, İcevan və Yeqheqnadzorda əməliyyat ofisləri, həmçinin İrəvanda rabitə və dəstək ofisi var.