Böyük Orta Şərq layihəsinin yeni görüntüsü
13:53 30-04-2013
İQTİSADİYYAT
Böyük Orta Şərq layihəsinin yeni görüntüsü
Türkiyənin Beynəlxalq Siyasi Akademiyasından ilginc təhlil gəldi
Böyük Orta Şərq layihəsi Mərakeşdən Pakistana, Türkiyədən Sudana qədər böyük bir coğrafiyada yeni bir siyasi mənzərə yaradılmasına istiqamətli geopolitik bir layihədir. ABŞ-ın 43-cü prezidenti oğul Corc Buşun 2003-cü ildə irəli sürdüyü "Böyük Orta Şərq" anlayışı, ABŞ-ın "beynəlxalq terror" adlandırdığı düşmənlə mübarizəyə, Orta Asiyadan Körfəz bölgəsinə qədər uzanan neft ehtiyatları üzərində nəzarətə, yeni super güc mərkəzlərini (Çin, Rusiya və Hindistan) təsirsiz hala gətirərək islam dünyasında nüfuz sahibi olmağa istiqamətlənib.
Türkiyənin Beynəlxalq Siyasi Akademiyasının internet səhifəsində Böyük Orta Şərq layihəsinin yeni görüntüsü ilə bağlı yazı verilib. Yazıda yer alan fikirləri oxuculara çatdırırıq.
"Müsəlman qardaşları" sabahın Talibanı, "Əl-Qaidə"si olacaq?
Məlum olduğu kimi bu coğrafi məkanda müsəlman ölkələri yerləşir. Yeni minillikdə geosiaysətdə İslam amili daha güclü bir məna kəsb etməyə başlayıb. Qərb dövlətlərinin müdaxiləsi ilə islam ideologiyasından siyasi amil olaraq istifadə edilməsi isə bir gerçəkdir. Qərbin vəhhabilik məzhəbinin, "Taliban"ın, "Əl-Qaidə" terror təşkilatının yaradılmasında iştirakı da əslində faktlarla sübut edilib. Çox təəssüf ki, indiki halda islam və radikalizm, hətta islam və terror anlayışlarından yanaşı istifadə edənlər Qərbin sözügedən proseslərdə iştirakını xatırlatmaq belə istəmir. İngilislərin himayəsi ilə qurulan vəhhabilik bu gün digər Qərb dəstəkçilərin dəstəyi ilə yaradılan yeni radikal dini axınlar timsalında bu geopolitik meyli davam etdirir.
Hətta davam edən "Ərəb baharı"nın təməl siyasi oyunçularından olan "Müsəlman Qardaşları"n da Qərb ilə əlaqələri barədə bir çox xəbər dünya mətbuatının səhifələrini bəzəyir. Lakin siyasi ssenarilərin indiki vəziyyətindən fərqli olacaq bir "B planı" çərçivəsində "Müsəlman qardaşları"na necə bir rol veriləcəyini əvvəldən bilmək olduqca çətindir.
Tarixə baxdıqda SSRİ-nin Əfqanıstan çıxarılmasında Talibanın oynadığı rol ilə "Ərəb baharı"nda "Müsəlman qardaşlar"ın rolu arasında bir bənzərlik görünür. Ərəb dünyasında və ümumiyyətlə, Orta Şərqdə siyasi hadisələrin gedişatından asılı olaraq "Müsəlman qardaşları"na və digər dini qruplara "Taliban" kimi terrorçu damğasının yapışdırılacağına kimsə zəmanət vermir.
Qərb və İslam: Dəyişiklik dövrü
Son əsrdə Qərbin islam dünyasına yanaşmasında ciddi dəyişikliklər baş verir. İkinci Dünya Müharibəsinə qədər Qərbin müstəmləkə şəbəkəsində olan müsəlman ölkələr sonrakı dövrdə yenə Qərbin dəstəklədiyi rejimlərlə yerini dəyişdirdi. Bu rejimlər, "soyuq müharibə" dövründə SSRİ və onun bölgədəki müttəfiqlərinə qarşı əsas qalxan sifətində çıxışı etdi.
SSRİ dağıldıqdan sonra Qərb ilə müsəlman ölkələri arasında yeni bir əlaqə şəklinə ehtiyac yaranmışdı. Məlum olduğu kimi, müstəmləkə siyasəti çökdükdən sonra köçün nəticəsi olaraq Avropada müsəlmanların sayı dəfələrlə artdı. Müsəlmanlar artıq Qərb cəmiyyətinin içərisinə nüfuz etməyə başladı və burada özlərinə məxsus bir yer əldə etdilər. Bu gün Fransa, İngiltərə, Almaniya və digər Avropa ölkələrinin vətəndaşları olan müsəlman immiqrantlar Qərb cəmiyyətlərində bərabər hüquqlar qazanmağa çalışırlar.
Hələlik ümumi meyl Avropanın bu immiqrantların milli və dini dəyərlərini nəzərə almadan Qərb dəyərləri ətrafında birləşdirilməyə çalışmasıdır. Lakin bu siyasət artıq nəticə vermir. Bunun nəticəsidir ki, Fransada hicab, İsveçrədə isə minarələrlə əlaqədar xoşagəlməz mövzular ortaya çıxıb. Müsəlman immiqrant nəsillərinin artıq Qərb cəmiyyətinin daxili komponentinə çevrilməsi və Qərbdə İslamın rolunun və obrazının gündən-günə güclənməsi Qəərb-İslam əlaqələrinin ilk istiqamətinin təməl xüsusiyyətidir. Amma uzun əsrlər boyu islam dininin təmsilçilərinə düşmən kimi baxan Qərb cəmiyyəti üçün bu gerçəyin qəbul edilməsinin heç də asan olmadığını deyə bilərik.
Qərb-İslam əlaqələrində ikinci istiqamət isə, dünya siyasətində İslam dünyasının rolunun dəyişməsi ilə əlaqədardır. Artıq böyük enerji ehtiyatlarına və strateji coğrafi mövqeyə sahib olan Orta Şərq ölkələrinin əvvəkli üsullarla istiqamətləndirilməsinin qeyri-mümkün olduğu da bir gerçəkdir. Eyni zamanda islam geopolitik bir amil olaraq da geopolitikada öz ağırlığını qoymaqdadır. Bu vəziyyətdə Qərb uzun illər əməkdaşlıq etdiyi hərbi rejimlərə deyil, dini siyasi güclərə üstünlük vermək niyyətindədir. Bu dəyişikliyi artıq kök salmış rejimlərə qəbul etdirmək asan olmadığı üçün də məhz qanlı "Ərəb baharı" yaşandı.
Beləliklə, bütün bu geosiyasi meyllər işığında Böyük Orta Şərq layihəsi yeni minillikdə islam ölkələri coğrafiyasında yeni mənzərənin ana xətlərinin müəyyən olunmasına yönəlib.
Böyük Orta Şərq
layihəsi çərçivəsində Türkiyə-Suriya əlaqələri
Bölgədə yaşanan hadisələr Böyük Orta Şərq layihəsində dəyişikliklərin edilməsini tələb edirdir. Bu baxımdan, Suriya böhranının Qərbin gözlədiyindən uzanması və xüsusiyyətini dəyişməsi (rejim və əleyhdarları arasında bir vətəndaş müharibəsinə çevrilməsi) Böyük Orta Şərq layihəsində yeni addımlarla nəticələnir.
Məsələyə bu baxımdan yanaşıldığında Türkiyə-İsrail əlaqələrinin normallaşdırılması, Orta Şərq sülh müddətində Türkiyəyə verilən rolun artırılması, Türkiyədə PKK terror təşkilatı ilə sülh danışıqları, PKK-nın Suriya müharibəsində aktiv bir iştirakçıya çevrilməsi Böyük Orta Şərq layihəsindəki yeni görüntülərin ana xətləridir.
Bu mərhələdə Suriyadakı vətəndaş müharibəsinin uzanması yeni taktiki istiqamətlərin ortaya çıxmasına səbəb oldu. ABŞ dövlət katibi Kerrinin son 1 ayda 2 dəfə Türkiyəyə səfərinin Türkiyə-İsrail əlaqələrinin normallaşma müddətinin başlaması ilə eyni vaxta düşməsi də bir təsadüf sayıla bilməz. Türkiyənin bölgədəki rolunun artırılmasının qarşılığında Suriya ilə əlaqədar kritik mərhələdə bu ölkədən bəzi tələblərin edilməsi də nəzərdə tutula bilər.
Bəzi ekspertlər Con Kerrinin Türkiyə səfərlərində Ankaranı İsrail-Fələstin sülh danışıqlarına dəvət etdiyini düşünür. Yəni, Türkiyə-İsrail əlaqələri Türkiyənin tələbləri yerinə yetirilərək normallaşdırılır. Buna əlavə olaraq isə Türkiyə İsrail-Fələstin qarşıdurmasının həllində ön xətdə yer alır.
Türkiyə-İraq əlaqələrində də yaxşılaşma müşahidə edilir. Bir müddət əvvəl Türkiyəni İraqın daxili işlərinə qarışmaqda ittiham edən İraq baş naziri Nuru Əl-Maliki 5 Apreldə jurnalistlərə açıqlamasında "İraqın qarşılıqlı hörmət və qonşuluq təməlində Türkiyə ilə yaxınlaşma istiqamətindəki hər addımı alqışladığını" bildirib. Son dövrlər iki ölkə arasındakı əlaqələrin gərginləşməsi, eyni zamanda ənənəvi sünni-şiə qarşıdurması oxunda Nuru Əl-Malikinin bu açıqlaması siyasi proseslərdə dəyişikliklərə işarədir.
Digər tərəfdən Türkiyədə "Kürd acılımı" adını alan danışıqlar müddətində PKK terror təşkilatı üzvlərinin ölkəni silahları ilə birlikdə tərk etmə tələblərini ortaya qoyması Suriya hadisələri ilə əlaqəli bir addımdır. Çünki, təxminən eyni dövrdə Suriyada müharibə başlandığından ilk dəfə Bəşər Əsəd rejimi kürdlərin yaşadığı Türkiyə ilə sərhəd bölgələri və Hələbin kürd məhəllələrini vurdu. PKK terror təşkilatının Suriya qanadı PYD də müharibəyə qatılıb. Terrorçu kürd qrupların müharibəni yalnız bir ölkədə davam etdirmə təlimatı aldıqları və buna görə də silahları ilə birlikdə Suriyaya keçmək istədikləri ehtimal olunur.
Beləliklə, Türkiyənin regional lider olduğu bir gerçəkdir və bölgədə nüfuz müharibəsi aparan bütün güclər bu gerçəklə qarşı-qarşıyadır. Yalnız Böyük Orta Şərq layihəsində əsas hədəf ölkələrdən birinin Türkiyə olduğu nəzərə alındığında bu ssenarilər Türkiyənin lehinə deyil. Türkiyənin bölgədə müstəqil siyasət aparmasının supergüclərin maraqlarına uyğun gəlmədiyi görünür. Məhz buna görə də Böyük Orta Şərq layihəsi Türkiyənin bütün qonşu dövlətlərlə problemlərinin çoxalması istiqamətinə yönəlib.
Ömər Əmirov
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00