ABŞ Qara dənizdə gəmiçilik məsələsində Türkiyə ilə işləmək niyyətindədir. 
"Unikal"
xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander deyib.
“Biz Türkiyə də daxil olmaqla, Qara dəniz sahili ölkələri ilə münaqişədən çıxa biləcəyimiz şərtlərlə işləmək istəyirik”, - Uollander jurnalistlərə bildirib.

Uollanderin fikrincə, Qara dənizin kommersiya daşımalarına tamamilə açıq olduğu əlverişli mühit olmalıdır. Ukrayna böhranı başlayandan Türkiyə Montrö Konvensiyasının verdiyi səlahiyyətlərdən istifadə edərək boğazlarından hərbi gəmilərin keçməsini qadağan edib.
Türkiyə Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki, Türkiyə tərəfinin Montrö Konvensiyasını tətbiq etməsini boğazlarda sabitliyi təmin edən düzgün qərar hesab edir.
Montrö Konvensiyası 1936-cı ildə qəbul edilib. Sülh və müharibə dövründə ticarət gəmilərinin boğazlar vasitəsilə hərəkət azadlığını qoruyur, lakin müxtəlif naviqasiya rejimləri yaradır. Eyni zamanda, sənəd Qara dənizə aid olmayan dövlətlərin hərbi gəmilərinin Qara dənizdə qalmasını üç həftə ilə məhdudlaşdırır. Fövqəladə hallarda Türkiyə Bosfor və Çanaqqala boğazlarından hərbi keçidi qadağan edə və ya məhdudlaşdıra bilər. Müqaviləyə əsasən, Ankara boğazlardan keçən gəmilərdən mayak, təxliyə və tibbi xidmət üçün ödəniş almaq hüququna malikdir.