Mingəçevirdə ikinci qrup əlil kişinin adına bankdan onlayn qaydada dələduzluq yolu ilə 4200 manatdan çox kredit çıxarılıb.
"Unikal"ın məlumatına görə, dələduzluq hadisəsi Mingəçevir şəhər Lal-karlar cəmiyyətinin üzvü, psixoloji dispanserdə qeydiyyatda olan ikinci qrup əlil Rafail Osmanovun başına gəlib. Dələduzluq yolu ilə özünün də xəbəri olmadan, şəxsin adına bankdan 4200 manatdan çox kredit kimi vəsait çıxarılaraq mənimsənib. Əldə edilən ilkin məlumata görə onlayn dələduzluq əməli zamanı Rafail Osmanovun fotosundan istifadə olunub.
Dələduzluq faktı ilə bağlı "Unikal"ın sorğusuna cavab olaraq DİN-nin Mətbuat Xidməti Şəki regioanal qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, zərərçəkən şəxsin Mingəçevir Polis Şöbəsinə müraciəti əsasında hazırda araşdırma aparılır. Hələlik məsələ ilə bağlı saxlanılan yoxdur. Prosesin gedişindən asılı olaraq əlavə məlumat veriləcək.
Ehtiram Muradov