Çinin Ciansi vilayətinin Sinyu şəhərində çoxmərtəbəli binada baş verən yanğında ölənlərin sayı 39-a çatıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfər xəsarət alıb. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Yanğının yerli saat 19:50-də söndürüldüyü bildirilir.

Hadisə şahidlərinin sözlərinə görə, hələ də dağıntılar altında qalanlar olduğu üçün ölü sayının çoxalma ehtimalı var. Yanğın nəticəsində yaranan qatı tüstü binanın yuxarı mərtəbələrinə də dolub. Binanın üst mərtəbələrində internet-kafe, hazırlıq kursları və gənclər üçün digər xidmət obyektləri fəaliyyət göstərir. Həmin obyektlərdəki şəxslər xilas olmaq üçün pəncərələrdən tullanıblar. Yanğın baş verən bina Ciansi Mühəndislik Universitetinin korpuslarından birinə bitişikdir.

Çin Xalq Respublikasının Sədri Si Cinpin Siyun şəhərində çoxsaylı insan tələfatına səbəb olan yanğından sonra müvafiq qurumlara təhlükəsizlik məsələlərinə diqqəti artırmağı tapşırıb.

Qeyd edək ki, yanğın bu gün yerli vaxtla saat 15:24-də binanın zirzəmi qatındakı marketdə başlayıb. Hadisə yerinə xeyli yanğınsöndürən, xilasedici, polis, təcili yardım briqadaları cəlb olunub.

*** 17:52

Çinin şərqindəki Ciansi vilayətində yaşayış binasında baş verən yanğında ən azı 25 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, yanğın Sinyu şəhərində yerli vaxtla saat 15:24-də binanın zirzəmi qatındakı mağazada başlayıb.

Hadisə yerinə yanğınsöndürənlər, xilasedcicilər, polislər cəlb olunub. Hazırda hadisə yerində axtarış işləri aparılır.