BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Qəzza zolağının cənubundakı Xan Yunisdə yerləşən və 10 min köçkünə sığınacaq verən mərkəzi vurulub.

"Unikal" xəbər verir ki, bu barədə agentliyin direktoru Tomas Uayt X sosial şəbəkəsində məlumat verib.
"Qəzzada Xan Yunisdə döyüşlər güclənir - 10 min köçkünün yerləşdiyi UNRWA təlim mərkəzi yenicə vurulub - binalar yanır və kütləvi insan tələfatı var, mərkəzə giriş-çıxış iki gündür bağlanıb, insanlar tələyə düşüb"- Uayt yazıb.
Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində oktyabrın 7-də İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Bundan sonra təşkilatın döyüşçüləri İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub, burada həm hərbçilərə, həm də mülki şəxslərə atəş açıb, həmçinin 200-dən çox insanı girov götürüb. İsraildə, səlahiyyətlilərin son məlumatlarına görə, təxminən 1,2 min adam öldürülüb, bu rəqəmə mülki vətəndaşlar, əsgərlər, xarici vətəndaşlar və işçilər daxildir, həmçinin 5 mindən çox adamın yaralandığı bildirilir.