"Microsoft"un bazar dəyəri 3,01 trilyon dollara çatıb, səhmləri 1 il ərzində 68 faiz dəyər qazanıb.

"Unikal" xəbər verir ki, bununla da "Microsoft" 3,03 trilyon dollarlıq bazar dəyəri ilə "Apple"dan sonra ən dəyərli şirkət olub.

Bir il ərzində səhmləri 68 faizdən çox dəyər qazanan "Microsoft"un səhm dəyəri bu gün 1 faizdən çox artaraq 404,78 dollara çatıb.

Çərşənbə günü "Microsoft"un səhmlərindəki artım rəqəmsal yayım platforması "Netflix"in dünən maliyyə nəticələrini açıqlamasından sonra texnologiya səhmlərindəki artımla müşayiət olunub. Texnologiya səhmlərinin üstünlük təşkil etdiyi "Nasdaq" indeksi bu gün 1 faizdən çox dəyər qazanıb.

İlk dəfə 1986-cı ildə 1 milyard dollarlıq bazar dəyərinə çatan "Microsoft", bu ayın əvvəlində qısa müddət ərzində dünyanın ən dəyərli şirkəti olaraq "Apple"ı geridə qoyub.

"Microsoft"un səhmlərinin yüksəlməsi, son vaxtlar süni intellekt işlərinə diqqət yetirməsi ilə diqqət çəkib. İnvestorların "Microsoft"un süni intellekt sərmayələrinə müsbət reaksiya verməsi səbəbindən şirkətin səhmləri ilin əvvəlindən 7 faizdən çox artıb.

Analitiklər "Microsoft"un məhsuldar süni intellektlə bağlı mövqeyinin daha da gücləndiyini və şirkətin yanvarın 30-da açıqlanacaq balansının investorların diqqət mərkəzində olduğunu qeyd ediblər.