Rüstəm İbrahimbəyovun uğursuz rolu
19:33 01-05-2013
İQTİSADİYYAT
Rüstəm İbrahimbəyovun uğursuz rolu
Cəsurluqla qorxaqlıq arasında məsafə həqiqətən də yoxdur
Son bir ilin maraqlı siyasi personajlarından biri də Rüstəm İbrahimbəyov oldu. Kinodramaturq kimi tanıdığımız, hər zaman hakimiyyətin vacib tədbirlərində ön sırada oturan və zaman-zaman hakimiyyətin imkanlarından yararlanan Rüstəm İbrahimbəyov,bir müddətdən sonra deyəsən siyasi ssenari yazmaq fikrinə düşdü və yazdığı ssenaridə baş rolun ifaçısıda elə özü olmalı idi. Ssenarist kimi tanınan Rüstəm İbrahimbəyovun yaxşı bir aktyor olmağına isə müəyyən şübhələr vardı. Çünki o, ssenarist olaraq yox, həm də bir siyasi sima olaraq artıq hökmünü eşitdirmək iddiasını ortaya qoymuşdu. Bəs nələr baş verdi?
Çaşqın başlanığıc
Rüstəm İbrahimbəyov siyasi meydana Ziyalılar Forumunun sıralarında qatıldı. Daha sonra “Milyarderlər İttifaqı”nın içində göründü və daha sonra EL hərəkatının yaradılması ilə bağlı bəyanat səsləndirdi və sonda Milli Şura yaratmağa hazırlaşdığını söylədi. Rüstəm İbrahimbəyovun ciddiliyinə və siyasi manevr imkanlarına malik olmasına şübhələrdə elə o zaman yarandı. Siyasətə yenicə atılan bir şəxsin 4 ay ərzində 4 təşkilat yaratmağa cəhdi yəqin ki, normal qəbul oluna bilməzdi. Bundan başqa qısa zamanda Milli Şuranın yaranıb tamamlanacağını bəyan edən və radikal çıxışları ilə müxalifətin nüvəsinə çevrildiyini sübut etməyə çalışan İbrahimbəyov burda da tam iflasa uğradığını və artıq geri çəkilməyə başlamasının şahidi olduq. Aydın oldu ki, Rüstəm İbrahimbəyov müxalifətçi olmaq istəmirmiş, hətta İsa Qəmbərlə, Əli Kərimli ilə bir dəfə də olsa görüşmədiyini söyləməklə tərəzinin gözlərində bərabərlik yaratmağa çalışdı.
Məsuliyyətdən qaçma.
Gəlin Rüstəm İbrahimbəyovun elə öz dediklərinə diqqət yetirək.Ssenarist dünənki ssenarisindən imtina edərək bəyan edir:-“ Mən müxalifətə yaxın deyiləm. Bu çağacan mən nə Isa Qəmbərlə, nə də Əli Kərimli ilə görüşmüşəm. Həmişə öz fikirlərimi, öz mövqeyimi yaradıcılığımda bildirmişəm. Bakı barədə fikirlərimə görə, 6-7 il bundan qabaq üstümə düşmüşdülər. O vaxtdan hökumət mənimlə mübarizəyə başlayıb. Mən də yavaş-yavaş bunlara cavab verməyə məcbur qalmışam. Nə vaxt belə fəaliyyətə başladığımı Cəmil Həsənlidən soruşsunlar”. Maraqlı, məqam nədir? Dünənə qədər müxalifətin etibarını qazanmaq üçün dəridən qabıqdan çıxan ssenarist indi bəyan edir ki, o müxalifətə yaxın olmayıb. Hakimiyyət haqqında isə ona görə danışıb ki, buna məcbur olub. Yəni,hakimiyyət tərəfindən Rüstəm İbrahimbəyova jest olardısa deməli bu gün heç bunlarda olmazdı. Əslində məsələ bundadır ki, müxalifətə sürətlə yaxınlaşan ssenarist müxalifətin etibarını qazana bilmədi. Nəticə də nə sona qədər hakimiyyətçi ola bildi, nə də müxalifətçi. Bunu hiss edən ssenarist yeni çıxış yolu axtarışına başlayıb və deyəsən yenə də bu çıxış yolunu elə hakimiyyətə yaxın çevrələrdə görür.
İnamsız tənhalıq
Yuxarıda da qeyd etdiyimiz kimi sırf biznes maraqlarına görə müxalifətə meyillənən Rüstəm İbrahimbəyov müxalifətdə də sona qədər qəbul olunmadı. Qəbul olunsaydı onun səsləndirdiyi Milli Şura artıq yaradılmış olardı. Çox maraqlıdır ki, bunu Rüstəm İbrahimbəyovun özüdə etiraf edir:-“ Mən bu ideyanı irəli sürəndən sonra ən tanınmış partiya liderləri işi öz öhdələrinə götürdülər və bu birliyi yaratmağa başladılar. Amma görürəm ki, vaxt getsə də, ortaya bir qərar çıxara bilmirlər. Ona görə məcbur qalıb bu bəyanatla onlara müraciət etdim ki, bu işlər bir az yerindən tərpənsin. Axı bu vaxtadək bir nəticə yoxdur.“EL” Hərəkatı, Müsavat və Xalq Cəbhəsi partiyaları bir neçə dəfə görüşüblər. Öz aralarında bir neçə yaxşı qərar da qəbul ediblər ki, başqa partiyaları da dəvət eləsinlər, müxtəlif təşkilatları, o sıradan hüquq-müdafiə təşkilatlarını, tanınmış adamları da. Amma hələlik söz olaraq qalıb. Nə real bir siyahı var, nə də təkliflər. Görüşürlər, prinsipləri elan edirlər, amma nəticə yoxdur”.Proseslərin gedişatı da təsdiqləyir ki, hazırda nə AXCP nə də Müsavat Rüstəm İbrahimbəyov faktorunu qəbul etmək niyyətində deyillər və bir neçə dəfə Milli Şuranın yaradılması ilə bağlı aparılan danışıqlarda Eldar Namazovun xahişi ilə baş tutub. Amma bu danışıqdan o tərəfə keçməyib. Çünki Rüstəm İbrahimbəyov qısa zamanda elə müxalifətin özü üçün bir sıra suallar yaratdı.
- Rüstəm İbrahimbəyov həqiqətənmi hakimiyyətlə yollarını sona qədər ayırıb?
- Rüstəm İbrahimbəyov hansısa mənəvi dəyərlərə görə,yoxsa biznes maraqlarınamı görə mövqeyini dəyişib?
- Rüstəm İbrahimbəyov rəsmi Kremlinmi tapşırıqları ilə hərəkət edir?
Bu suallara isə müxalifət özlüyündə ya mənfi cavab aldı, ya da suallara elə indi Rüstəm İbrahimbəyov cavab verərək məsuliyyətdən qaçmağa çalışdı. O, artıq bəyan edir ki, Milli Şuranın yaranmamasının günahkarı elə partiyaların özüdür. O artıq bəyan edir ki, heç zaman müxalifətçi olmayıb. O artıq bəyan edir ki, mövqeyini məhz biznes maraqlarına görə dəyişib.
Qorxu sindromu
Ən gülməlisi və acınacaqlısı isə budur ki, son zamanlara qədər az qala cəsarət nümunəsi kimi görünməyə çalışan Rüstəm İbrahimbəyov indi bir qorxu sindromu yaşayır və bu o qədər açıq şəkildə baş verir ki, artıq ona olan inamlar sona qədər yox olacaq. Hər zaman gəncləri meydanlara çağıran, daha mübariz olmağı bəyan edən Rüstəm İbrahimbəyov indi həbs olunmaqdan çəkindiyi üçün ölkəyə gəlməyəcəyini deyir. Maraqlıdır, bəs həbs olunan gənclərin taleyi insan həyatı deyildimi? Bu sualın cavabını artıq hamı bilir və Rüstəm İbrahimbəyov qorxusunun mahiyyətini anlamağa çalışırlar. Rüstəm İbrahimbəyov isə qorxusuna belə haqq qazandırır:-“ Məni bir dəfə aeroportda iki saat saxladılar. Informasiya gəldi ki, gələn dəfə tutacağıq səni. Bu hökumət... hər şey eləyə bilər. Sərhəddə iki saat saxladıqları kimi, iki gün də saxlayar və sonra deyərlər ki, buraxmırıq səni. Moskva elə təhlükəlidir ki. Mənim üçün özümü ən rahat hiss etdiyim yer ABŞ-dır. Orada mənim üçün təhlükəsizlik qarantiyası var. Rusiya isə yox. Rusiyada bunların imkanları çoxdur. Mənim mühafizəçilərim var. Hər gün küçəyə çıxanda, ora-bura baxıb gözləyirəm başıma nə gətirəcəklər”.
Yəqin ki, əlavə şərhə ehtiyac qalmır. Ən azından ona görə ki, Rüstəm İbrahimbəyov açıq şəkildə qorxduğunu bəyan edir.Beləliklə, aydın oldu ki, Rüstəm İbrahimbəyovun siyasi ssenarisi uğursuz oldu. Ən azından ona görə ki, baş rolun ifaçısı da elə özü olmaq istəyirdi. Amma ssenarilərdə özündən aslı olmayan səbəblərə görə o “Cəsur ürək” filmində Mel Gibsonun ifa etdiyi cəsur bir insan obrazına yox, çəkilişi yarımçıq qalan Rüstəm İbrahimbəyov obrazının elə özünə oxşadı. Bu isə artıq meydanı tərk etmək məqamıdır.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55