Ölkədə kənd təsərrüfatı sahəsində fermer qadınların fəaliyyətlərinin genişləndirilməsi, təsərrüfatlarında gəlirliliyin və məhsuldarlığın artırılması, həmçinin qadınların sahibkar fəaliyyətinin təşviqi məqsədilə icra olunan “AFAQ – Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” layihəsi çərçivəsində 2023-cü ildə Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Füzuli, İsmayıllı və Zaqatala rayonlarında 294 fermerə quşçuluq, heyvandarlıq, arıçılıq və biznes istiqamətləri üzrə təlimlər keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən "Unikal"a bildirilib ki, təlim kriteriyalarına cavab verən Ağdam rayonu üzrə 12, Füzuli rayonu üzrə 16, Göygöl rayonu üzrə isə 9 qadın olmaqla, ümumilikdə, 37 fermerə müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib.
Keçən il əvvəl dəstək göstərilmiş 7 region olmaqla, 61 təsərrüfatın monitorinqi həyata keçirilib. Keçirilmiş monitorinqlərə əsasən dəstək göstərilmiş təsərrüfatlarda aylıq gəlirin artım faizi orta hesabla İmişli, Sabirabad, Masallı, Goranboy, İsmayıllı rayonları üzrə 50 faiz, Ağdam rayonu üzrə 55 faiz, Şamaxı rayonu üzrə isə 35 faiz təşkil edir.
Bu günədək layihə dövründə 286 təsərrüfatın qiymətləndirilməsi aparılıb, 397 fermerə təlimlər keçirilib. Ümumilikdə 20 region üzrə 189 qadına müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin layihəsi olan AFAQ “PAŞA Holdinq”in dəstəyi ilə həyata keçirilir.