Ermənistan XİN başçısı Ararat Mirzoyanın axırıncı mətbuat konfransının tonu və məzmunu təəssüf doğurmaya bilməz.

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, Mirzoyanın dediklərini yalan adlandırıb: “Obyektiv nəticə çıxarmaq, xüsusi ilə də öz səhvlərindən nəticə çıxarmaq əvəzinə, bütün məsuliyyəti Rusiyanın üzərinə yıxmağa cəhd edilib. Bunun heç bir əsası yoxdur. Çünki bu, Rusiyanın səhvi deyil. Bu, təəssüflər olsun ki, rəsmi İrəvanın səhvidir. 2022-ci ilin sentyabrında Ermənistanın Azərbaycanla sərhəd rayonlarında vəziyyətin gərginləşməsi ilə bağlı Ermənistanın Rusiya və KTMT-yə müraciət etməsi ilə bağlı dedikləri həqiqətə uyğun deyil”.